Qatilin kimdi, "böyük oyun"? YAZI

16:05 - 10 Fevral 2015

Zavallıca, yazıqca susursan

 

Səni kim öldürdü, “böyük oyun”? Səni kim bu hala saldı? Niyə? Nə üçün? Kimin toyuğuna “kiş” demişdin? Kim, axı kim stadionlarında bayquş ulayan bu çempionatın heç olmasa, bir oyununda insan səsi eşidilməsinə dözə bilmədi? Sənin qatilin kimdi, “böyük oyun”?

 

Susursan, “böyük oyun”, susursan...

 

Deyə bilmirsən ki, səndən daha böyük “oyunlar”ın güdazına getdin. Danışa bilmirsən ki, vücudu qalstuk və kostyumların, kraxmallı köynəklərin, ütülü şalvarların altında gizlənən, ruhu olmayanların zavalına gəldin.

 

Susursan, “böyük oyun” susursan. Zavallıca, yazıqca susursan.

 

Hanı səni izləmək üçün stadionlara axışan minlərlə, on minlərlə azarkeşlər? Hanı sənin yaratdığın ajiotaj? Hanı sənin uğrunda gedən söz davaları, azarkeş qarşıdurmaları? Hanı, “böyük oyun”, hanı?

 

Susursan, “böyük oyun”, susursan. Qorxaqcasına, qorxudulmuşcasına susursan. Səsini kəsiblər sənin “böyük oyun”, kəsiblər.

 

Mən səni başa düşürəm, “böyük oyun”. Öz keçirdiyi çempionatın şah əsəri olan bir oyunun qatilinə çevrilən insanların əlində ölmək, ölüyə çevrilmək, onların özləri kimi ruhsuz bir şeyə dönmək çətindi. Anlayıram, “böyük oyun”, anlayıram.

 

Sən bir ölüsən, “böyük oyun”, ruhu bədənini tərk etmiş, morqda ayağının baş barmağına adı yazılmış kağız parcası asılan bir ölü.

 

Ölülər danışmaz ki, “böyük oyun”. Ölülərə rəhmət oxunar. Allah sənə rəhmət eləsin, “böyük oyun”!

 

Rəşad Ergün/ Komanda.az

Xəbər xətti