Nazim Süleymanovu "Neftçi" - "Xəzər Lənkəran" matçından öncə təbrik etdilər

18:25 - 11 Fevral 2015

Süleymanova hədiyyə təqdim olundu
 
Azərbaycan futbolunun canlı əfsanəsi Nazim Süleymanov üçün əlamətdar həftədir. 
 
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, veteran hücumçu 50 illik yubiley ərəfəsindədir. 
 
Futbolçu kimi "Neftçi"də məşhurlaşan hücumçu Rusiya çempionatında da öz bacarığını göstərib. Şimali Osetiyanın fəxri vətəndaşı, “Alaniya” tarixinin ən çox qol vuran legioneri olan Süleymanov “Xəzər Lənkəran”ın yaradıcılarındandır. 
 
“Xəzər Lənkəran”ın ilk baş məşqçisi kimi tarixə düşən Süleymanov “Neftçi”də həm futbolçu, həm də məşqçi kimi fəaliyyət göstərib. Azərbaycan futbolunun təşəkkül tapmasında, inkişafında xidməti olan şəxsi Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu gün keçirilən “Neftçi” və “Xəzər Lənkəran” matçından öncə “Bakcell Arena”da təbrik edib. 
 
Nazim Süleymanova xatirə hədiyyəsi təqdim olunub. Eyni zamanda, “Neftçi” klubunun vitse-prezidenti Elnur Məmmədov veteran hücumçuya 50 nömrəli futbolkanı və klubun digər atributlarını təqdim edib. 
 
Qeyd edək ki, Süleymanovun yubileyi ilə bağlı tədbirlər davam edəcək. Yaxın günlərdə “Neftçi” və “Alaniya” klubunun veteranlarının oyununun təşkili nəzərədə tutulub.

Xəbər xətti