Tahir Süleymanov: "Hakimlər canlarını qurtarmaq üçün özlərini 2-ci mərtəbədən yerə atırdılar"

16:55 - 12 Fevral 2015

"Bəzi klubların iddiasından əl çəkmələri onsuzda..."

 

Son vaxtlar Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun: "Hakimlər, klublar tərəfindən bəzi təzyiqlərə məruz qalır." kimi ifadələr işlətməsi bir çox futbol adamını danışmağa sövq edib. Bunlardan biri də, beynəlxalq dərəcəli hakim, "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanovdur.

 

Sportal.az-a açıqlamasında Tahir Süleymanov maraqlı məqamlara toxunub:

 

"Son günlər hakimlərin psixoloji durumu ilə bağlı müzakirələr gedir. Bunlar məqsədlidi. Guya, klublar hakimlərə təzyiqlər göstərir. 90-cı illərdə ölkədə anarxiya hökm sürdüyü dövrdə stadionlarda özbaşınalıq idi. Silahlı basqınlardan ölümlə üz-üzə qalan bəzi hakimlər canlarını qurtarmaq üçün özlərini 2-ci mərtəbədən yerə atırdılar. Xaqani Məmmədov özü də o vaxtlar hakimlik edirdi və dediklərimin də canlı iştirakçısı olub. Cavan referilərimizə həmin dövrdən bir az da olsa leksiya oxusa psixologiyaları yerinə gələr. Ölkədə təhlükəsizliyin, stabilliyin və hakimlər üçün yüksək şəraitin olduğu bir vaxtda bu cür iddiaların səsləndirilməsi absurddu. Təbii ki, səsləndiriən bütün bu fikirlər oyunlarda baş verə biləcək hakim səhvlərini klubların üstünə atmaq məqsədi güdür. 

 

Bəzi klubların iddialarından çəkilməsi, onsuzda çempionatın səviyyəsini aşağı salıb. Belə olan halda isə, hakimlərin işi gərginlik baxımından daha da azalıb. Belə bir durumda mənasız psixologiya "oyunları"nı oynamaqdansa hakimlərin obyektiv idarəçiliyi təmin olunmalıdır. Fikrimcə hakimlərin rahatçılıqdan psixologiyaları pozulub. Klublarımız isə qızıldan qiymətli vaxtlarını başqa işlərə sərf etdiyindən belə ittihamlara cavab verməməkləri sabah onların özlərinə problem yaradacaq."

Xəbər xətti