"Neftçi" ilə oyun mənim üçün böyük şansdır"

14:38 - 14 Fevral 2015

Anar Nəzirov: "Bu mübarizədə biz də varıq deməliyik"
 
Premyer Liqanın 22-ci turunda "Qəbələ" doğma meydanda "Neftçi"ni qəbul edəcək. 
 
Bu oyunda komandanın qapısını qoruyacaq millimizin üzvü Anar Nəzirov qarşılaşma haqda öz fikirlərini Sportal.az-la bölüşüb. 
 
"Komanda olaraq bu oyuna ciddi hazırlaşırıq, bu oyundakı yeganə məqsədimiz 3 xal qazanmaqdır. Düzdür, bundan əvvəlki iki oyunda ardıcıl məğlubiyyət almışıq, ancaq bizdə ruh düşkünlüyü yoxdu. Baş məşqçimiz bizi bu oyuna yaxşı hazırlayır. Nəzərə alın ki, komandaya yeni futbolçular qoşulub və onların uyğunlaşması üçün bir az vaxta ehtiyac var. Əgər biz medallar uğrunda mübarizə aparmaq istəyiriksə, bu oyunda 3 xal qazanmalıyıq və bu mübarizədə biz də varıq deməliyik".
 
Qolkiper özünün hazırkı vəziyyətini də dəyərləndirib: 
 
"Düzdür, qapıçı oynamayanda çox pis təsir edir, həm də oyun praktikası da öz sözünü deyir. Amma inanmıram ki, bu sabah elə də mənə problem yaradacaq, çünki toplanışdan yeni gəlmişik və toplanış zamanı 7 oyunun 6-da meydanda oldum. Əlimdən gələni edəcəm ki, meydanda ən yaxşısını edim. Hamı bilir ki, öz üzərimdə işləyən qapıçıyam. Əgər sabah oyunum yaxşı alınmasa, baş məşqçi növbəti oyunlarda digər həmkarıma yer versə, mən yenə həvəsdən düşməyəcəm. Çalışacam məşqlərdə özümü yaxşı tərəfdən göstərim yenidən əsas heyətin üzvü olum. "Neftçi" ilə oyun mənim üçün böyük şansdır, bu şansdan maksiumum yararlanmaq üçün nə lazımdırsa edəcəm. İnanıram ki, "Neftçi" ilə qarşılaşma həm mənim, həm də komandam üçün uğurlu keçəcək".

Xəbər xətti