"Acı məğlubiyyətin əvəzini çıxacağımızı düşünürəm"
"Bakı"nın hücumçusu və çempionatın bombardiri Nurlan Novruzovun Sportal.az-a müsahibəsi:
- Son turda "Sumqayıt"la qolsuz heç-heçə etdiniz...
- Maraqlı oyun oldu, xüsusi ilə ikinci hissə daha yaxşı oynadıq, kifayət qədər qol epizodları yaratdıq, ancaq bəxtimiz gətirmədi. Məncə iki xal itirdik bu oyunda, artıq irəlidəki matçlara baxmalıyıq.
- "Sumqayıt"la matç öncəsi xəbər yazılırdı ki, pul verilməsə "Bakı" futbolçuları meydana çıxmayacaq, son anda nə dəyişdi?
- Bizə deyilmişdi, bu oyuna qədər maaşlar veriləcək, amma verilmədi. Qaldı ki, oyuna çıxıb çıxmamaq belə söhbət olamyıb, biz öz mənliyimiz üçün meydana çıxırıq. Biz may ayına kimi pullar verilməsə də, oyunlara çıxacağıq. Özümü bir kənara qoyuram, komandada ailəli olan futbolçular var. Onları da nəzərə almaq lazımdır.
- Elxan Məmmədov sizlə görüşündə bildirmişdi, maliyyə problemləri həll olunacaq..
- Bəli, bizə deyilmişdi, bu həftə ərzində maaşlar veriləcək, ancaq hələlik verilməyib. Ümid edirəm ki, bu məsələ qısa müddətdə həll olunacaq.
- Mətbuatda "Sumqayıt"la oyunda hakim idarəçiliyindən narazı qaldığın yazılır, hətta oyunda tez-tez etiraz etdiyin bildirilir.
- Bunu yazanlar, yəqin öz fikirlərini qələmə alıblar. Azərbaycanda səviyyəli hakimlərdən biri də Əliyar Ağayevdir. Həmin oyunda da gözəl idarəçiliklə yadda qaldı, hər iki tərəfdə hakimdən razı idilər.
- "İnter"lə oyuna hazırlığınız necə gedir?
- Bu oyuna ciddi hazırlaşırıq, ilk oyunda aldığımız acı məğlubiyyəti hələ də unutmamışıq. Bəlkə də "İnter" fikirləşir "Bakı"ya rahatlıqla qalib gələcək. Ancaq bu matç bizim üçün rövanş matçıdır, acı məğlubiyyətin əvəzini çıxacağımızı düşünürəm. "İnter"in fasilədən sonra oyunlarını izləmişəm, həm "Xəzər Lənkəran", həm də "Sumqayıt"la oyunlarda öz çıxışlarını göstərə bilmirlər. Bu da bizim üçün əla fürsətdi, bu şansdan yararlanıb 3 xalı qazanacağımıza inanıram.
- "Simurq"un futbolçusu Draqan çeran ötən tur iki qol vurmaqla, bombardirlik siyahısında sənə yaxınlaşıb və açıqlamalarında bombardir olmaq istədiyini bildirib..
- Çeran səviyyəli legionerlərdən biridir, mən bu yarışda mübarizəmi sona qədər davam etdirəcəm. Hər kəs bombardirlik yarışında maraqlı bir mübarizənin şahidi olacaq.
- Bir neçə gün sonra milli komandamızın Antalya toplanışı baş tutacaq..
- Hər bir futbolçu kimi, mən də milli komandanın formasını geyinməyi istəyirəm və özümü də milidə oynamağa hazır hiss edirəm. İnanıram, bu dəfə siyahıda mənim də adım olacaq. Olmasa da, həvəsdən düşməyəcəm sona qədər əlimdən gələni edəcəm ki, milli komandaya dəvət alım.
saytlarin hazirlanmasi