"Klub rəhbərliyi tərəfindən qarşımıza şərt qoyulmayıb ki, avrokuboklara vəsiqə qazanmalıyıq"
Qış fasiləsindən sonra çempionata uğurla başlayaraq "Neftçi" və "Qəbələ" kimi rəqibləri məğlub edən AZAL dünən səfərdə "Sumqayıt"la qolsuz heç-heçəyə razılaşıb.
Komandanın baş məşqçisi Tərlan Əhmədov oyun haqqında ətraflı Sportal.az-a açıqlamasında danışıb:
"Sumqayıt"la oyunda yaxşı oynadıq, amma qələbə qazana bilmədik. Hər oyunda da udmaq olmur ki. Həm də qış fasiləsindən sonra çempionata yaxşı başladıq. "Qəbələ" və "Neftçi"ni məğlub etdik, "Qarabağ"a uduzsaq da, yaxşı oyun göstərdik. Bu görüşdən sonra komanda haqda mətbuatda ancaq təriflər yazılırdı, bunun da futbolçularda arxaynçılıq yaratdığını hiss etdim. Ancaq deməzdim, dünən "Sumqayıt"a qarşı pis oynamadıq, 3 real qol epizodumuz var idi ki, fərqlənməliydik. Artıq bu qarşılaşmanı unudub 3 gün sonra bizi gözləyən ağır "İnter"lə oyun haqda fikirləşməliyik"
Əhmədov klub rəhbərliyi tərəfindən onun qarşısına qoyulan hədəflərdən də danışıb:
"6 ay ərzində artıq formalaşmış bir komanda yaratmışıq. Bəzi komandalarda tez-tez baş məşqçi dəyişikliyi olsa da, bunu bacarmırlar. Ancaq biz bunu az bir büdcə ilə qismən bacarmışıq, çalışırıq ki. hər oyunda daha yaxşı çıxış edək. Ehtiyyat skamyasında əsasən gənc, yerli futbolçulardır. Onların hər birinə güvənirik, düzdü, bəzi zəif mövqelərimizə 3-4 transfer etsəydik, daha da iddialı olardıq. Həm də komandanın aparıcı futbolçularından sayılan Eduardonun zədələnib mövsümü erkən bitirməsi planlarımızı pozdu. Klub rəhbərliyi tərəfindən qarşımıza şərt qoyulmayıb ki, avrokuboklara vəsiqə qazanmalıyıq. Əsas məqsədimiz bacardığımız qədər çempionatı üst pillələrdə bitirməkdi".
Tərlan Əhmədov Premyer Liqada 4-cü pillə uğrunda mübarizənin "Simurq" və AZAL arasında gedəcəyini də deyib:
"Fikrimcə, bu mövsüm biz və "Simurq" 4-cü pillə uğrunda mübarizə aparacaq. Növbəti mövsüm heyətimizə 3-4 yeni futbolçu qatmaqla daha da iddialı olacağımıza inanıram".
saytlarin hazirlanmasi