Kamran Ağayev: "Prosineçkinin mənimlə söhbət etməsinə ehtiyac yoxdu" MÜSAHİBƏ

10:01 - 17 Fevral 2015

"Bu barədə açıqlama vermək istəmirəm"
 
Qış transfer pəncərəsində "Kayserispor"a transfer olunan Kamran Ağayevin Sportal.az-a müsahibəsi
 
- "Kayserispor"da işlərin necə gedir, komandaya uyğunlaşa bilmisən?
- Hər şey yaxşıdır, deməl olar ki, komandaya tam uyğunlaşmışam. adaptasiyam elə də çətin olmadı, burda mehriban bir kollektivimiz var, inanmıram ki, çətinlik çəkəm.
 
- "Beşiktaş"la oyunda debüt etsən də, çempionat oyunlarında səni qapıda görə bilmirik. Bunun səbəbi nədir?
- Hər bir komandada rəqabət olmalıdır, məşqdə biz rəqabət üçün yox komandaya xeyir vermək üçün çalışırıq. Baş məşqçinin şans verəcəyi təqdirdə meydanda komandamın uğurları üçün əlimdən gələni etməyə hazıram. Şans verməsə də, əsas odur komandam qələbə qazansın. Ancaq sona qədər çalışacam ki, özümü yaxşı tərəfdən göstərib çempionat oyunlarında da meydanda olum
 
- "Beşiktaş"la oyundan sonra baş məşqçi ilə aranızda hansısa söhbət oldu?
- Qapıda yaxşı dayanmaq bizim işimizdir, yoxsa kiməsə özümü göstərmək və ya özümüzü sübut etməyə görə meydana çıxmırıq. Baş məşqçi oyundan əvvəl nə tapşırıq vermişdisə, oyunda da bunu etməyə çalışdıq. Hələlik baş məşqçi ilə təkbətək söhbətim olmayıb.
 
- Sözügedən qarşılaşmadan sonra yerli bir azarkeşə etdiyin jestlə özünü yeni komandanın tərəfdarlarına sevdirə bildin...
- Bu hadisə ani oldu, azarkeş oyundan sonra gəldi məni qucaqladı, ilk olaraq bilmədim nə deyir. Sonra başa düşdüm ki, əlcək istəyir.  Gördüm ki, mühafizə xidməti bunu qucaqlayıb uzaqlaşdırmaq istəyir, mən də əlcəkləri həmin azarkeşə verdim və mühafizəçilərə də dedim ona toxunmayın, o komandamız üçün burdadır. Qaldı ki, əlcək verməyə, bu hal birinci dəfə deyil, "Xəzər Lənkəran" və digər çıxış etdiyim komandalarda azarkeşlərə həmişə forma və əlcək vermişəm.
 
- Dünən milli komandanın siyahısı açıqlandı, lakin adın siyahıda yox idi. Bu məsələyə necə münasibət bildirərdin?
- Bu barədə açıqlama vermək istəmirəm, milli komandamız bizim canımızdı. Orda olsam da, olmasam da dua edirəm ki,  millimiz qələbələr qazanıb irəli getsin. 
 
- Bəlkə hazırda Tükiyə PTT I Liqasında oyunlar davam etdiyinə görə, sənə dəvət göndərilməyib?
- Belə şeylər haqda düşünmürəm və danışmaq da istəmirəm, çağırsalar gedib canla, başla oynayacam, çağırmasalar da öz işimi görəcəm.
 
-  Millimizin baş məşqçisi Robert Prosineçki bildiyimiz qədər bir neçə futbolçu ilə görüşərək söhbət edib. Baş məşqçinin səninlə söhbəti olub?
- Mənlə görüşməsinə ehtiyac da yoxdu, çağırsalar gedib oynayacam. Mənlə görüşsə nolacaq, nə dəyişəcək? Futbolda peşəkar yanaşsaq, məşqçinin futbolçularla təkbətək söhbət etməsi düzgün deyil. Amma belə insan kimi üzbəüz gəlməmişik, rastlaşsaq söhbət edərdik. Antalayada "Qəbələ"nin heyətində toplanışda da oldum. Kimlərsə görüşüb, mənlə görüşməyibsə, bu barədə düşünmək istəmirəm.
 
- "Kayserispor"da 36 nömrəli formanı seçməyin nə ilə bağlıdır? "Qəbələ" azarkeşləri bunu Qəbələyə olan sevginin göstəricisi kimi, şəhərin avtomobil seriya nömrəsini götürdüyünü zənn edir.
- Düzünü desəm, belə şey fikirləşməmişəm. Bura gələndə bildirdilər ki, neçə nömrəli formanı istəyirsən, mən də hansı boşdur, həmin nömrəni verin dedim. Fikrimcə, neçə nömrəli formanın elə də önəmi yoxdu, futbolçunun nömrəsi meydandakı işidir. İnanıram ki, burda da uğurlar qazanacam, dua edirəm ki, zədələnməyim və özümü yaxşı tərəfdən göstərim.
 

Xəbər xətti