Coşqun Diniyev: "Milliyə dəvət olunduğumu eşidəndə, atam mənə dedi ki..." MÜSAHİBƏ

00:05 - 18 Fevral 2015

"Bundan sonra üzərimə böyük yük düşür"

 

Milllinin 20-26 fevral aralığında Antalyada keçiriləcək təlim-məşq toplanışına dəvət alan "İnter"in aparıcı futbolularından olan Coşqun Diniyevin Sportal.az-a müsahibəsi:

 

- İlk dəfədir, millinin toplanışına dəvət olunursan, bu barədə təəssüratların?

- Təbii ki, milliyə dəvət olunduğumu eşidəndə sevindim. Millimizin şərəfini qorumaq qürurverici bir haldır. Hər kəs kimi öz oyunumla milliyə layiq olmağa çalışacam.

 

- Foqtsun dövründə milliyə dəvət olunmadın, Prosineçkinin gəlişi ilə isə ilk toplanışın siyahısında yer aldın. Bunu nə ilə bağlıyardın?

- Foqtsun dövründə milliyə dəvət almamağım təbii idi. O vaxt "İnter"in əsas heyət oyunçusu deyildim və çox cavan idim. Prosineçkinin gəlişi ilə isə artıq komandamın əsas heyət oyunçusu idim və oyunumla millinin məşqçilərini diqqətini cəlb edərək dəvət aldım. Bunun üçün özümü xoşbəxt hiss edirəm.

 

 Millimizin baş məşqçisi Robert Prosineçki bildiyimiz qədər bir neçə futbolçu ilə görüşərək söhbət edib. Baş məşqçinin səninlə söhbəti olub?

- Xeyr, belə bir hal baş verməyib. Fikrimcə, buna ehtiyac da yoxdur.

 

- Səncə, millinin əsas heyət üzvünə çevrilmək asan olacaq, yoxsa?

- Təbii ki, milliyə dəvət olunmuşamsa, əsas heyət üzvünə çevrilmək üçün əlimdən gələni edəcəm və məhz buna görə də hər cür rəqabətə hazıram. 

 

- Bildiyimiz kimi, ailən futbol ictimaiyyətində tanınmış simadır.  Atan Şahin Diniyevin yolun davam etmək istərdinmi?

- Mən futbolu seçmişəmsə, atamı örnək götürüb bu işə başlamışam. İnşallah gələcəkdə atamın elədiklərini eləyib ondan da irəli getmək istəyirəm. Atam Azərbaycan futboluna nə kimi xidmət eləyibsə, məndə həmin yolu davam eləməklə ona layiq olduğumu göstərmək niyyətindəyəm. 

 

- Milliyə dəvət olunduğunu biləndə atanla aranda hər hansı bir söhbət oldu?

- Təbii ki, bunu eşidəndə ilk olaraq bir ata kimi məni təbrik elədi və mənlə fəxr elədiyini dilə gətirərək uğurun davamını gözlədiyini bildirdi. O, mənə millidə çıxış etməyin daha məsuliyyətli bir iş olduğunu bildirərək öz dərin təcrübələrini az da olsa, mənlə bölüşdü. Onu da qeyd edim ki, atam toplanışa 1 gün qalmış daha çox məsləhət verəcək və mən də onun tapşırıqlarını yerinə yetirməyə çalışacam.

 

- Premyer Liqanın XXIII turu çərçivəsində növbəti qarşılaşma AZAL-la səfər matçıdır. Bu oyun haqqında fikirlərini bilmək istərdik?

- AZAL-la bizim oyunlarımız hər zama gərginliyi ilə seçilir. Fikrimcə, bizim taktikamızı daha çox mənimsəyən bir komandası var AZAL-ın. Təbii ki, bu dəfə bizi çətin matç gözləyir. Lakin biz meydana çıxıb əlimizdən gələni edəcəyik. Millinin toplanışına getməmişdən öncə son çempionat oyunumuzdur və onun üçün də qələbə qazanmaq əzmindəyik.

 

 

Orxan Həsənquliyev

Xəbər xətti