"Neftçi" rəsmisi etiraz etdiyi hakimin təyinatı barədə: "Biz bunu Əliyar Ağayevin vicdanına buraxırıq"

14:05 - 18 Fevral 2015

"Əsas odur ki, vicdanla, şərəflə bu oyuna yanaşsın"

 

Xəbər verdiyimiz kimi, turun mərkəzi qarşılaşması "Qarabağ" və "Neftçi" komandaları arasında baş tutacaq. Bu oyunu FİFA hakimi Əliyar Ağayev idarə edəcək. Bir neçə tur öncə "Neftçi" - "Simurq" (0:0) matçından sonra "Flaqman" baş hakim Əliyar Ağayevdən narazı qaldığı barədə videoçarx hazırlamışdı.

 

Mərkəzi oyuna Ağayevin yenidən təyinat almasına "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Sportal.az-a açıqlamasında münasibət bildirib:

 

"Yaxşı olardı ki, bu oyuna Əliyar Ağayev deyil, bir başqa hakim təyinat alardı. Ancaq artıq Əliyar bu oyuna təyinat alıb. O, ölkəmizi beynəlxalq arenada təmsil edən hakimdir.Bəli, zaman-zaman bu hakimə etirazlarımız olub. Əsas odur ki, vicdanla, şərəflə bu oyuna yanaşsın və bizim etirazımız olmasın. İnanmaq istəyirik ki, hakim də son videodan özünə nəticə çıxarıb və sabah tam obyektiv oyun idarə edəcək".

 

Mövsümün ilk dövrəsində "Xəzər Lənkəran"la oyundan sonra da "Neftçi" tərəfi Əliyar Ağayevdən narazı qalmışdı. Klub rəsmisi bu barədə də danışıb:

 

"Bu mövsüm Əliyar Ağayevin "Neftçi"nin oyunlarını idarə etdiyi zaman bizim etirazlarımız olub. Futbolun bir inancı var, o da əqidəli olmaq və tam şərəfli oyun idarə eləmək. "Qarabağ"la oyunda onun obyektiv idarəçiliyinə heç kim təminat verə bilməz, biz bunu Əliyar Ağayevin vicdanına buraxırıq".

Xəbər xətti