"Futbolçular göz qabağında olduğu üçün..."
Xəbər verdiyimiz kimi, milli komandamız Prosineçkinin başçılığı altında fevralın 20-26-da Antalyada təlim məşq toplanışında olacaq. Heyətdə elə də ciddi dəyişiklik olmasa da, gənc futbolçuların yer alması diqqəti cəlb edir.
Bu barədə U-15 millisinin baş məşqçisi və bir zamanlar millimizin də şərəfini qoruyan Aslan Kərimov Sportal.az saytına açıqlama verib:
"Milli komandaya dəvət olunan futbolçular arasında yeni adlar var. Bu siyahıda Elvin Camalov, Namiq Ələsgərov və Coşqun Diniyevin də adı yer alıb. Sözsüz ki, seleksiya xarakterli təlim-məşq toplanışında belə istedadlı futbolçuları yoxlamaq lazım gəlir. Cari mövsüm həqiqətən də, hər üç futbolçu çempionat oyunlarında özlərini yaxşı tərəfdən göstərə biliblər. Qalan futbolçular isə, Berti Foqtsun dönəmində də bir neçə dəfə milliyə dəvət olunublar. Andrey Popoviçə gəlincə, nizam-intizama görə bir müddət Foqtsun dönəmində milliyə dəvət almadı. Ola bilsin ki, yeni baş məşqçi hal-hazırda yaxşı formada olduğu üçün ona yer verəcək. Əgər bundan sonra nizam-intizam qaydalarına riayət etsə, Popoviç qapıçılar arasında mübarizə apara bilər. Anton Krivotçuku da tanımıram, necə futbolçu olduğunu da bilmirəm. Eşitdiyimə görə gənc futbolçudur, məhz buna görə də yoxlamağa dəyər.
Ümumiyyətlə hər bir məşqçinin futbola öz baxışı var. Yəqin ki, Prosineçki də oyunları diqqətlə izləyib və bu futbolçuları təlim-məşq toplanışında sınaqdan keçirtmək niyyətindədir. Belə baxanda Azərbaycanda futbolçu cəhətdən seçim imkanı çox olmadığı üçün baş məşqçi izlədiyi futbolçuları toplanışa dəvət edib. Əslində, acınacaqlı bir vəziyyət yaranıb ki, Premyer Liqada komandaların sayı azdır, ölkədən kənarda da elə də çoxsaylı futbolçu olmadığına görə bu heyətdən yararlanmalı olub. Ancaq, bu da Prosineçkinin son seçimi deyil. Hər halda gənc oyunçuları sınaqdan keçirib Malta ilə oyuna qədər optimal heyəti formalaşdıracaq. Futbolçular göz qabağında olduğu üçün Prosineçkidən ciddi dəyişiklik gözləmək mümkün deyil".
saytlarin hazirlanmasi