Kamal Quliyev AFFA rəhbərliyinə səsləndi: "Premyer Liqada çıxış etmək bizim haqqımızdır"

10:55 - 20 Fevral 2015

"Bu məsələdə sona qədər mübarizə aparacağıq"

 

Azərbaycan çempionatı reqlament qaydalarına görə Avropanın futbol liqaları arasında ən anormalıdır desək, səhvə yol vermiş olmarıq. Çempionatın formatı, iştirakçıların sayının tez-tez dəyişməsi adi hala çevrilib.

 

Ən absurd məqam isə birinci divizionda çıxış edən klublarla bağlıdır. Gah mövsümü 7-ci yerdə bitirən komanda Premyer Liqaya yüksəlir, gah da heç çempion komanda əsas liqaya buraxılmır. Hər dəfə səbəb kimi göstərilən “lisenziya” amili isə sadəcə uşaq oyunudur. Lisenziyalaşmadan xəbəri olan istənilən futbol adamı bilir ki, Premyer Liqada çıxış edən klubların belə əksəriyyətində lisenziyalaşma şərtlərinin icrasında kifayət qədər ciddi problem var.

 

İlk dövrədən sonra “Neftçala” birinci divizonda liderliyi ələ keçirib. Lakin nə xeyri? Əldə etdiyimiz məlumata görə, gələn mövsüm Premyer Liqaya aşağıdan 3 komanda gələcək ki, bunlar “Rəvan”, “Zirə” və “Turan Tovuz” olacaq. Bəs, “Neftçala” çempion olsa və yenə Premyer Liqaya buraxılmasa necə olacaq? Bu sualla komandanın baş məşqçisi Kamal Quliyevə müraciət etdik.

 

Sportal.az saytına açıqlama verən Kamal bəy bu məsələyə çox həssas yanaşdı:

 

“Əgər çempionatı birinci yerdə bitirsək, Premyer Liqada çıxış etmək bizim haqqımızdır. Deyirlər ki, Azərbaycan futbolunda istedadlı gənclər çatışmır. Mən bir məşqçi kimi sübut edəcəm ki, perspektivli cavanlar var. Ancaq biz həmin futbolçuları qazanmaq istəyiriksə, onlar Premyer Liqada çıxış etməlidirlər. İnanın, onların hər biri Premyer Liqada oynamaq bacarığında olan uşaqlardır. Ona görə də, bu məsələdə sona qədər mübarizə aparacağıq, haqqımızı tələb edib Premyer Liqada çıxış etməyə çalışacağıq.

 

Əgər heç cür imkan verməsələr, o vaxt məcbur olub Premyer Liqa klublarının məşqçiləri ilə görüşəcəm və “Neftçala”dakı ən istedadlı uşaqları öz komandalarına götürməyi xahiş edəcəm. Çünki o uşaqlara heyifim gəlir, onlar birinci divizionda itib-batacaqlar”. 

Xəbər xətti