Azarkeşlərin sayına görə...
Premyer Liqanın 23-cü turunun “Neftçi” – “Qarabağ” oyunu azarkeş sayında iki rekord vurub. 4500 tamaşaçı toplayan qarşılaşmada çempionatda mövsümün ikinci yarısının ən yüksək göstəricisi qeydə alınıb. Belə ki, 2015-ci ilə təsadüf edən 5 turun 20 oyunundan heç birində bu qədər azarkeşə rast gəlinməyib. Bu görüşədək rekord 20-ci turun “Xəzər Lənkəran” – “İnter” görüşünə məxsus idi – 2500 tamaşaçı.
Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, “Bakcell Arena”da qeydə alınan 4500 nəfərlik auditoriya həm də mövsümün Bakıda keçirilən qarşılaşmaları üçün ən yüksək göstəricidir. Belə ki, cari çempionatda paytaxtda baş tutan matçlarda bu qədər tamaşaçıya təsadüf olunmamışdı. Bunadək rekord 15-ci turunun “Qarabağ” – “Neftçi” matçında qeydə alınmışdı. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşü 3000 izləyici seyr etmişdi.
Ümumiyyətlə isə nəticəsi ləğv olunan qarşılaşmaları nəzərə almasaq mövsümün yalnız 5 oyununda “Bakcell Arena”dakından daha çox tamaşaçı qeydə alınıb. Bu matçların hamısı Lənkəranda baş tutub. Çempionatın rekordu isə 2-ci turun “Xəzər Lənkəran” – “Sumqayt” görüşüdür – 8500 tamaşaçı.
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyununda qonaqlar 1:0 hesabı ilə qalib gəlib.
saytlarin hazirlanmasi