"Robert Prosineçki istəsə..."
Türkiyə kubokunun 1/8 final mərhələsində keçirilən “Kayserispor” – “Beşiktaş” matçı Azərbaycanda da maraqla izləndi. Millimizin qapıçısı Kamran Ağayevin debütü uğurlu oldu və “Kayserispor” İstanbul nəhəngini mübarizədən kənarlaşdıraraq 1/4 finala adladı.
Amma “Kayserispor”un 1:0 hesabı ilə qələbə qazandığı matçla bağlı daha bir maraqlı məqam var. Sən demə, yeganə qolun müəllifi Anıl Taşdəmir azərbaycanlı imiş.
“Beşiktaş”la oyundan sonra 28 yaşlı futbolçunun atası özü bunu Kamran Ağayevin meneceri Asim Musayevə deyib. Sportal.az-a açıqlama verən Asim bəy məsələyə aydınlıq gətirdi:
”Kayserispor” – “Beşiktaş” matçını Anıl Taşdəmirin atası ilə birlikdə izləyirdik. Söhbət əsnasında aydın oldu ki, Anılın atası əslən Gəncədən imiş. Bu isə o deməkdir ki, Robert Prosineçki istəsə, onu Azərbaycan millisinə dəvət eləyə bilər. Azəri kökənli olduğu üçün bu məsələdə heç bir problem yaranmayacaq”.
Qeyd edək ki, Anıl Taşdəmir “Kayserispor”un əsas futbolçularından biridir. Orta sahədə çıxış edən Anıl oyun quruculuğu qabiliyyətini “Beşiktaş”la matçda da nümayiş etdirmişdi. O, Türkiyənin U-17 millisində Avropa çempionu və dünya dördüncüsü olub. Amma əsas milliyə heç vaxt çağırılmayıb.
saytlarin hazirlanmasi