"Xəzər Lənkəran"ın baş məşqçisi: "Çempionatda qələbələri sıralasaq da..." MÜSAHİBƏ

12:40 - 23 Fevral 2015

"Bir sıra istedadlı futbolçularımız var"

 

"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Sportal.az-ın suallarını cavablandırıb:

 

- “Xəzər Lənkəran”ın baş məşqçisi olaraq komandanızın oyunundan razısınız?

- Komandamın oyununda razıyam, ancaq alınan nəticələr məni qane etmir. Komandam axırıncı oyunda çox zəif oynadı. Müdafiə xətti istənilən səviyyədə deyildi. Gənc futbolçular “Qəbələ” ilə oyunda kobud səhvlər etdilər. Buna səbəb onların oyun təcrübəsinin çox az olmasıdır. Komanda “Neftçi” və “Qəbələ” ilə matçlarda birinci hissədə yaxşı təsir bağışlayırdı, ancaq ikinci hissələrdə yaxşı oyun sərgiləyə bilmir.

 

- Bunu necə izah edərdiz? Komandanın fiziki durumu istənilən səviyyədə deyil?

- Komandanın fiziki hazırlığı tam yerindədir. Uğursuzluğu fiziki hazırlıqla əlaqələndirə bilmərəm. Bəzən oyunun gedişində tempi aşağı salmaq lazım gəlir. Ancaq gənc futbolçular isə çox vaxt bunun öhdəsindən gələ bilmirlər. Onlar çox çalışırlar. Gələcəkdə gənclərin bir neçəsi yaxşı futbolçu kimi özünü göstərəcək.

 

- “Xəzər Lənkəran”dakı gənclərin potensialı nə vəd verir?

- İnanıram ki, komandaya bir neçə səviyyəli legioner qatılsa, indiki gənclər onlarla birlikdə klubu yaxşı mövqeyə yüksəldə bilərlər.

 

- Komandanızda təcrübəli futbolçuların azlığı hiss olunurmu?

- Hər komandaya təcrübəli futbolçular lazımdır. “Xəzər Lənkəran”da təcrübəsizlik əsasən müdafiə xəttində özünü göstərir. Skarlatakenin komandaya qoşulması ilə bu problem azda olsa aradan qalxacaq. Hücum xəttimizdə də bəzi çatışmazlıqlar var.

 

- Adrian Skarlatakenin son durumu haqqında nə deyərdiz? Komandaya nə vaxt qoşulacaq?

- Müdafiəçimizin ötən həftə Bakıda müalicəsi qurtarmalı idi. Bu həftədən onun komandaya qoşulacağı gözlənilir. İnanıram ki, Adrian qarşıdakı oyunlara tam hazır olacaq.

 

- “Xəzər Lənkəran”ın çempionatda demək olar ki, heç bir iddiası qalmayıb, bəs kubokda ?

Çempionatda qələbələri sıralasaq da avrokuboklara da düşə bilmərik. Əsas hədəfimiz əlbətdə ki, kubokdur. Kuboku qazanmaq üçün var qüvvəmizlə çalışacağıq.

 

- Əvəzedicilərdə əsas komandaya cəlb olunacaq potensiallı futbolçular varmı?

- Bir sıra istedadlı futbolçular var ki, onlar özlərini təsdiqlədikdən sonra əsas komandaya cəlb oluna bilərlər. “Xəzər Lənkəran”ın gənc futbolçuları aşağı yaş qrupları üzrə milli komandalarda iştirak edirlər.

 

- Orxan Sadıqlının son durumu necədir?

Orxan keçən həftədən məşqlərə başlayıb. Ötər turlarda o da komandaya qoşulacaq və klubun uğurları üçün çalışacaq.

Xəbər xətti