"Prosineçki demək olar ki, hər oyuna canlı baxır, ona görə də..." MÜSAHİBƏ

20:16 - 23 Fevral 2015

"Belə bir matçda oynamadığəm üçün məyusam"

 

AZAL-ın gənc futbolçusu Nicat Qurbanov Sportal.az-ın suallarını cavablandırıb:

 

 

- İlk öncə karyerandan başlayaq. İşlər necə gedir AZAL-da?

 -Şükür, hər şey yaxşıdı. Zədəmi tam sağaltmaq üzrəyəm. Məşqlər də qaydasındadır. Komanda növbəti turda keçiriləcək “Neftçi” ilə oyuna hazırlaşır.

 

- Bildiyimiz kimi, sabiq komandana qarşı oyunda sarı vərəqə limitini doldurduğuna görə meydanda ola bilməyəssən…

- Bəli, son oyunda sarı vərəqə aldım və limiti keçdiyim üçün bu matçda forma geyinə bilməyəcəm. Belə bir vacib oyunda komandama kömək edə bilmədiyim üçün çox məyusam.

 

- “Neftçi” son turda “Qarabağ”a məğlub oldu. Bu məğlubiyyətdən sonra “flaqman”ın bu oyuna əlavə motivasiyada çıxması sizi qorxutmur ki?

- Əlbəttə ki, bu oyunda “Neftçi” favoritdir. Amma, komandalar meydana çıxanda güclər bərabərləşir. Ona görə də biz qorxmadan mübarizə aparacağıq.

 

- Daha əvvəl “Neftçi” və “Simurq” kimi klubların şərəfini qorumusan. Bundan sonra özünü harda görürsən? Arzusunda olduğun bir klub var?

- Mənim hələ də, “Neftçi” ilə müqaviləm olduğuna görə orada oynamaq istəyərəm. Futbolumuzun “flaqman”I olaraq orada oynamaq mənim üçün şərəf olar. Gələcəkdə isə, hansı klub qismət olsa orda da oynayacam. Konkret arzum yoxdur ki, hansısa klubda oynayım. Əsas odur ki, harada olmağımdan asılı olmayaraq futbol oynayaraq komandama kömək edə bilim və bunun üçün də əlimdən gələni edirəm.

 

- Foqtsun dövründə də milliyə dəvət almamışdın. Səncə Prosineçki nə vaxtsa səni millliyə dəvət edəcək?

- Bütün gənc futbolçular kimi məndə bunun üçün çalışıram. Həm də indiki vəziyyətdə şans da yüksəkdir. Çünki baş məşqçi demək olar ki hər oyuna canlı baxır. İnşallah o formanı geyinmək mənə nəsib olacaq.

 

- Hal-hazırda müqavilənlə mənsub olduğun “Neftçi” elə də yaxşı günlərini keçirtmir. Artıq bir çox azarkeşlər də Arif Əsədovu istefaya səsləyirlər. Sən necə düşünürsən? Komandanın belə çıxış etməsində əsas səbəb nədir?

- Hər bir komandanın eniş dövrü olur. Düşünürəm ki, baş məşqçiyə bir qədər də vaxt lazımdır ki, öz futbol fələsəfəsini oyunçulara aşılaya bilsin. “Neftçi” hər zaman çempionluğa oynayan komanda olub. Onun üçün burada işləmək asan deyil. Fikrimcə hər şeyi vaxt göstərəcək.

 

- AZAL haqqında danışdıqda isə qış fasiləsindən sonra bir sıra uğurlu nəticələr qazandı. Bu barədə fikirlərin?

- Komandada özünə inam artıb. Düşünürəm ki, bu amil çox vacibdir. Rəqibdən çəkinmədən öz futbolumuzu oynayırıq. Burada məşqçilərimizin rolu böyükdür. Bizi oyunlara çox yaxşı kökləyirlər. belə olan halda nəticə də uğurlu olur.

 

- Mövsümün sonunda AZAL-ı neçənci yerdə görürsən və komanda neçənci sırada olmağa layiqdir?

- İndidən heç nə demək olmur. Təbii k, mövsümün sonunda neçənci pillədə olmağımızdan asılı olmayaraq biz hər oyuna 3 xal üçün çıxırıq.

 

- Son turda keçirilən “İnter”lə matçda 90 dəqiqə meydanda oldun. Bu, Tərlan müəllimin sənə inamının artmağından xəbər verir?

- Mən belə deməzdim. Mənim bu komandaya gəlməyimə əsas səbəb elə Tərlan müəllimin özü olub. Mən burdayamsa deməli baş məşqçinin inamını qazandığım üçün buradayam. 

 

Orxan Həsənquliyev

Xəbər xətti