Coşqun Diniyev: "Qarşımızdakı rəqib dünyanın ən güclü 10-15 klubundan biri idi"

15:53 - 25 Fevral 2015

"Yoxlama oyunu olduğuna görə..."

 

Robert Prosineçkinin rəhbərliyi altında Antalyada təlim-məşq toplanışında olan millimiz dünən yoldaşlıq matçı çərçivəsində "Şaxtyor"a 1:2 hesabı ilə məğlub olub. Millimizin heyətində bir neçə gənc futbolçu yer alıb ki, bunlardan biri də "İnter"in yarımmüdafiəçisi Coşqun Diniyevdir.

 

Sportal.az-a açıqlamasında Coşqun təlim-məşq toplanışı ilə bərabər dünənki oyunu da dəyərləndirib:

 

"Şükür Allaha hər şey yaxşıdır. Dünənki oyun yoxlama oyunu olduğuna görə hesab önəm kəsb eləmirdi. Məşqçi ilk oyunda oyunçuları tanımaq istəyirdi. Qarşımızdakı rəqib də dünyada ən güclü 10-15 klubdan biridi. Maraqlı oyun alındı. Düşünürəm ki, məşqçinin istədiyinin bəzilərini yerinə yetirə bildik. Daha da yaxşı yerlərə gələcəyik. Futbolçular və məşqçilər buna inanır. Növbəti görüş olan Malta ilə oyuna gəlincə, Prosineçki məni bəyənibsə həmin oyuna da dəvət alacağımı düşünürəm. Bunu zaman göstərəcək."

Xəbər xətti