"Qarabağ"ın çempionluğu real görsənsə də..."
Qış fasiləsindən sonra keçirdiyi 5 oyunda 8 xal toplayan "Simurq" avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparır.
Sportal.az-a açıqlamasında "Simurq"un baş məşqçisi Georgi Çixradze maraqlı fikirlər səsləndirib:
"Təbii ki, 5 oyuna daha çox xal toplaya bilərdik. Lakin 8 xalı qənaətbəxş saymaq olar. Nəzərə alsaq ki, çempionluq uğrunda mübarizə aparan "Neftçi" və "Qarabağ"la matçda xallar itirdik. "Sumqayıt"la keçirdiyimiz oyunda da heç-heçə etməyimiz gözlənilməz olsa da, "kimyaçılar"ın qış fasiləsindən sonra ən azı qapılarında qol görmədiyini də vurğulumaq lazımdır. Yeni transferlərin də komandaya yavaş-yavaş adaptasiya olması komandamızı daha da gücləndirəcək. Elnur Abdullayev komandaya tez qoşulduğu üçün artıq ab-havaya öyrəşib. Cihan Özkaraya gəldikdə isə, onun da tez bir zamanda heyətdə öz sözünü deyəcəyini gözləyirəm.
Biz avrokuboklara vəsiqə qazanmaq arzusundayıq. 4-cü yer uğrunda "Qəbələ" və AZAL-la mübarizə aparıb növbəti mövsümdə Avropada öz sözümüzü demək istəyirik. Təbii ki, Azərbaycan kubokunda da mübarizəmiz davam etdiyindən növbəti matçda "Qəbələ"ni məğlub etmək əzmindəyik. Şanslarımız yarı-yarıya olsa da, meydana çıxıb öz oyunumuzu oynamağa çalışacağıq."
Hal-hazırda turnir cədvəlinin lideri olan "Qarabağ"ın çempionluq şanslarından da söz açan gürcü mütəxəssis bunları qeyd edib:
"Hal-hazırda çempionluğa ən real namizəd "Qarabağ"dır. Ancaq, bu o demək deyil ki, artıq hər şey həll olunub. Onlar özləri də yaxşı başa düşürlər ki, arxayınçılıq yolverilməzdir. Düşünürəm ki, hər şey mövsümün sonunda bəlli olacaq."
saytlarin hazirlanmasi