"Qarşıda bizi vacib oyun gözləyir"
Milli komandamızın yeni baş məşqçisi Robert Prosineçki Türkiyə toplanışı çərçivəsində futbolçuları daha yaxından tanımaq imkanı qazandı. “Şaxtyor”la yoldaşlıq matçı da bu baxımdan xorvat mütəxəssis üçün fürsət oldu.
Digər tərəfdən baxanda, bu toplanış həm də futbolçuların Prosineçkini tanıması, onlardan nə tələb etməsini bilmək baxımından əhəmiyyətli idi. Bununla bağlı millimizin lideri Rəşad Sadıqovun fikirlərini öyrəndik. Sportal.az saytına açıqlama verən yığmanın kapitanı toplanışın yaxşı keçdiyi qənaətindədir:
“Bu toplanış çox yaxşı əhval-ruhiyyədə keçdi. Uşaqlar da çox həvəslə hazırlaşırdılar oyuna. Robert Prosineçki komandaya başqa futbol oynatmağa çalışır, öz fəlsəfəsini aşılamaq istəyir. O, bizi inandırmağa çalışır ki, yaxşı futbol oynaya bilərik. Bunları deyəndə hiss olunur ki, onun fikirlərində səmimiyyət var və onun dedikləri təsəlli xarakterli deyil.
“Şaxtyor”la oyun Robert Prosineçki ilə ilk sınağımız idi. Əvvəldən də demişdi ki, iki heyətə güvənəcək. Prosineçkinin bizdən əsas tələbi idi ki, məşqlərdə üzərində işlədiyimiz gedişləri oyunda da göstərək. Tam alınmasa da, müəyyən mənada bunu edə bildik. Sürətlə hücumlar qurmağa, topa nəzarət etməyə, top rəqibdə olarkən pressinq tətbiq etməyə çalışdıq. Komanda üzvlərinin bu toplanışda davranışı, işə yanaşması, nizam-intizam əla səviyyədə idi.
Kaş, Prosineçki ilə işləmək üçün bir az çox vaxtımız olardı. Çünki onun oyun fəlsəfəsini mənimsəmək üçün vaxta ehtiyac var. Baxırsan ki, klubdan ayrılıb millinin düşərgəsinə gedirsən, qayıdanda isə hətta illərlə eyni komandada məşq etdiyin futbolçularla anlaşmağında, oyun qurmağında çətinliklər olur. Futbolçular klublarda özlərinə diqqət yetirməlidirlər və millinin düşərgəsinə hazır gəlməlidirlər. Çünki millidə fiziki məşqlər üçün vaxt olmayacaq, qısa zamanda taktiki və texniki cəhətdən hazırlaşıb oyuna çıxmalı olacağıq. Qarşıda bizi vacib oyun gözləyir”.
saytlarin hazirlanmasi