Yunis Hüseynov: "İnanmıram ki, Prosineçki Malta ilə matçda gənclərə şans versin"

14:32 - 26 Fevral 2015

"1-2 oyunla Prosineçkiyə qiymət vermək mümkün deyil"

 

Xəbər verdiyimiz kimi, Robert Prosineçkinin rəhbərliyi altında Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı çərçivəsində Ukraynanın "Şaxtyor" klubu ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə məğlub olub.

 

Sportal.az-a açıqlamasında millinin oyununu dəyərləndirən "Xəzər Lənkəran"ın idman direktoru Yunis Hüseynov maraqlı fikirlər səsləndirib:

 

"Öncəliklə, xalqımıza Xocalı faciəsi ilə əlaqədar başsağlığı diləyirəm. Milliyə gəlincə, açığı "Şaxtyor"la matçı izləyə bilmədim. Fraqmentlərə baxanda gənclərə üstünlük verməsi alqışlanası bir haldır. Ümumilikdə, təlim-məşq toplanışına gənclərin çağırılması onların özünə inam hissini artıracaq və özlərini yaxşı tərəfdən göstərmək üçün əllərindən gələni edəcəklər. Bu da,  millimiz üçün müsbət nəticələr verəcək. Lakin, inanmıram ki, Malta ilə matçda sırf gənclərə inanaraq onlara şans verəcək. Hansı futbolçu bu toplanışda özünü yaxşı tərəfdən göstərsə, həmin matçda da heyətə cəlb olunacaq.

 

Prosineçkiyə gəlincə, 1-2 oyunla onun məşqçi keyfiyyətlərini müzakirə etmək düzgün olmaz. Mətbuatdan bəzi mütəxəssislərin fikrini oxumuşam və bu fikirlərdən belə nəticəyə gəlmək olar ki, Prosineçki hücum futbolu oynatmağı sevir. Lakin, oyunu izləmədiyimə görə, konkret fikir səsləndirmək istəmirəm. Ən azı 4-5 oyundan sonra biləcəyik ki, baş məşqçinin oyun fəlsəfəsi nədən ibarətdir."

Xəbər xətti