Rövnəq Abdullayevlə Yıldırım Dəmirörənin fərqi YAZI

16:50 - 27 Fevral 2015

Bir tərəfdə Babək Quliyev, digərində isə Bülənt Yıldırım nümunəsi

 

Fevral ayının əvvələrində yaşanmış bir hadisə Türkiyə futbolunda gündəmi zəbt etdi. “Fənərbaxça” ilə oyun öncəsi mətbuat nümayəndələrinə açıqlama verən “Trabzonspor”un prezidenti İbrahim Hacıosmanoğlu hakimlikdən narazılığını dilə gətirir və matçı idarə etməli olan Bülənt Yıldırıma zəng elədiyini deyir. Klub başqanı hakimlə telefon danışığı zamanı ondan “Fənərbaxça” ilə oyunda ədalətli və qərəzsiz idarəçilik istədiyini açıqlayır.

 

Hacıosmanoğlunun bu açıqlaması bir andaca aranı qarışdırır. Türkiyə Futbol Federasiyası dərhal bəyanat yayır və “Trabzonspor”un prezidentinin özbaşına hakimə zəng etməsini həm hakimlərə, həm də futbol ictimaiyyətinə qarşı sayğısızlıq, yolverilməz hal kimi qiymətləndirir. Bəyanatda İbrahim Hacıosmanoğlunun bu hərəkətinə görə, həm hakimlərdən, həm də futbol ictimaiyyətindən üzr istəməli olduğu da deyilir. Bülənt Yıldırımın növbəti turlarda təyinat alması da, onu göstərir ki, TFF-nin prezidenti Yıldırım Dəmirörən türk hakiminin arxasındadır.

 

Türkiyədə yaşanmış bu hasidə bizləri 2009-cu ilə qaytardı. O zaman Azərbaycan çempionatında “Bakı” – “Qarabağ” (2:0) oyunundan sonra analoji hadisə yaşanmışdı. Hakimlikdən narazı qalan “Qarabağ”ın direktoru Əmrah Çəlikəl oyunu idarə eləyən Babək Quliyevə zəng eləmişdi. Daha sonra bu məsələ federasiya səviyyəsində qalxdı və FİFA referisi Babək Quliyevi klub rəsmisi ilə telefon danışığına görə (rəsmi qərarda məhz belə yazılıb) hakimlikdən uzaqlaşdırdılar.

 

Həmin vaxt bu məsələ ətrafında xeyli qalmaqallar yaşandı. Babək Quliyev məğlub komandanın rəsmisi ilə telefon danışığına görə hakimlikdən uzaqlaşdırılmasını absurd bir şey adlandıranda, AFFA prezidenti Rövnəq Abdullayev əllərində daha ciddi faktlar olduğunu və onları prokurorluğa təqdim edəcəklərini dedi. Bunun cavabında isə Babək Quliyevdən “əllərində fakt varsa, prokurorluğa versinlər” açıqlaması gəldi. Quliyevin cavabından sonra "daşdan səs çıxdı, Rövnəq Abdullayevdən isə yox"!  

 

Bu iki hadisə iki federasiya rəhbərinin işə yanaşmasında nə qədər fərq olduğunu göstərir. Yıldırım Dəmirörən tabeçiliyində olan şəxsin arxasında, Rövnəq Abdullayev isə qarşısında dayanmağı seçir. Düzdür, o vaxt Babək Quliyevə qarşı narazı klub tərəfindən ittihamlar var idi. Amma “Trabzonspor” tərəfi də “şike davasında” “Fənərbaxça”yla yaxınlıq edən hakimlərin siyahısında Bülənt Yıldırımın adının birinci yerdə durduğunu deyir və onun qərəzli idarəçilik etdiyini iddia eləyir.

 

Klub-hakim problemi elə mövzudur ki, burada məhz federasiya rəhbəri qətiyyətini göstərməlidir. Babək Quliyev Azərbaycan futbol tarixində ən uzağa gedən hakimimiz idi (indiyə qədər də qalır). İstedadlar qrupunda olan Quliyev artıq birinci qrupun bir addımlğında idi. Rövnəq Abdullayev o vaxt yaranmış problemi dərindən təhlil edib yoluna qoysaydı, bu gün Quliyevi ən azından Avroliqanın qrup oyunlarında görəcəkdik. Ancaq nə oldu? Babək Quliyevi itirdik... Əvəzində isə...

 

Yox, əvəzində hakimlik düzəlmədi. Əksinə, daha bərbad oldu. Sonrakı illərdə Premyer Liqada biabırçı hakim səhvləri bir-birini əvəzlədi. Bunun nəticəsi kimi, Avropada da ortaya bir hakim çıxara bilmədi AFFA. Rövnəq Abdullayevin “qətiyyəti” heç nəyi düzəltmədi, amma çox şeyi korladı. Məhz Abdullayevin “xidmətlərinə” görə Babək Quliyevi bir hakim kimi itirdik, yeni Babək Quliyevi isə yetişdirə bilmədik...

 

Emin ABBASOV

Xəbər xətti