Gündüz Abbaszadədən Xəqani Məmmədova cavab: "Onu "məhşur" oyundan sonra "Şəfa" stadionunda qurulmuş dar ağacından asdılar"

18:00 - 27 Fevral 2015

"Vicdan orda qalıb, Xəqani Məmmədov"
 
Bu gün Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov mətbuata açıqlamasında "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadəni oyunlardan əvvəl hakimlərə psixoloji təsir etdiyini və AZAL - "Neftçi" matçından öncə baş tutan iclasda hakimbaşının salam verdiyini, lakin Abbaszadənin salamı eşitmədiyini, ona həkimə gedərək qulaqlarını yoxlatdırmağı məsləhət görüb.
 
Gündüz Abbaszadə bu məsələyə Sportal.az-a açıqlamasında reaksiya verib:
 
"Xəqani Məmmədov mənə həkimə getməyi məsləhət görməzdən öncə hakimlərin pak, təmiz, qərəzsiz olmasından danışıb. Deyir, Əliyar Ağayev “Qarabağ” – “Neftçi” oyununda səhvsiz hakimlik edib. Gülməlidir elə deyilmi? “Neftçi”nin qapısına təmiz, qaydalar çərçivəsində vurulmuş qolu qeydə almayan hakimlərin yüksək səviyyədə oyun idarə etdiyini demək ayıbdır! Mən indi sizə sual verirəm, Reynaldo son dəqiqədə qol vurmasaydı, “Qarabağ”ın qələbəsi əlindən alınmış olmayacaqdımı? Çexiyalı Zelinkanın “Qarabağ” – “İnter” oyununda saymadığı qoldan sonra mətbuat önünə çıxaraq,  Hakimlər Komitəsinin sədri kimi bütün etik normalara tüpürüb hakimi qərəzdə suçlayan Xəqani Məmmədov  niyə indi fərqli danışır? Biz nə istəyirik ki? Deyirik, hakim futbolçumuzu təhqir edib. Üzr istəsin. Bunun qarşısı alınsın. İclas zalı ilə qatar kupesini səhv salan hakimbaşının bir neçə cümləlik açıqlamasında vicdan sözü dilindən düşmür. Deyəsən, “Şəfa” – “Xəzər Universiteti” oyunun 98-ci dəqiqəsində olmayan penaltini təyin etməklə çempionatı dayandırdığı yaddan çıxıb? Vicdan orda qalıb, Xəqani Məmmədov. Onu "məhşur" oyundan sonra Şəfa stadionunda qurulmuş dar ağacından asdılar. İndi siz deyin, kimdir həkimə getməli olan? Mən, yoxsa...?"

Xəbər xətti