Kəndinə qayıdacağı gün uzaqda deyil
Premyer Liqanın son turunda “Qəbələ” məğlubiyyətindən sonra açıqlama verən Muarem Muarem gündəmə gəlib. Jurnalistin “kendine benzemiyordun” sualına “kime benziyordum sence” cavabını verib.
Bu cavaba qədər də, oxşar suallarla qarşılaşan Muarem zəif oynaması ilə bağlı iddiaları heç cür yaxın buraxmırdı. Amma...
Bəli, o həmin Muaremdir ki, “Tvente”yə və “Dnepr”ə vacib qollar vurub. Amma onu Riçard Almeydaya, Çumbinyoya, Ansi Aqolliyə tay tutmaq olmaz. Onlarda olan sabitlik Muaremdə yoxdur. Muarem elə oyunçudur ki, 2 oyun hamıdan yaxşı təsir bağışlayar, ardınca 4-5 oyun meydanda ən pislərdən olar.
Futbol isə qeyri-sabitliyi sevmir. Sabit olmayan futbolçu məşqçi üçün problemdir, özü də böyük problem. Harada yaxşı, harada pis oyun ortaya qoyacağına dair heç bir düşüncə olmur bu tip futbolçularla bağlı.
Muarem “Qəbələ” ilə matça da yaxşı başlamadı. Oyun başlar-başlamaz ard-arda iki dəfə top itkisinə yol verdi, bir müddət heç cür oyunun nəbizini tuta bilmədi. İkinci hissədə özünə gəldi, amma ümumilikdə həmin gün onun oyununu yaxşı adlandırmaq olmaz.
Zəif oynaması ilə bağlı iddialarla barışmayan Muarem jurnalistdən “kime benziyordum sence” soruşursa, cavabı çox asandır: “Qarabağ” səviyyəsində olmayan, sıradan bir futbolçuya”!
Deyəsən, “Tvente”yə, “Dnepr”ə qol vurandan sonra Muarem zaman-zaman “kendini” unutmağa başlayıb. Amma bu gedişlə davam etsə, kəndinə qayıdacağı gün uzaqda deyil!
Sportal.az
saytlarin hazirlanmasi