"İmkan düşdükcə fərdi oyuna üstünlük verirəm"
Sportal.az "İnter"in gənc futbolçusu Coşqun Diniyevin müsahibəsini sizə təqdim edir:
– “İnter”in son oyunlarını izlədikdə elə təəssürat yaranır ki, topdan “qaçırsan”. Sanki top səndə olan kimi onu bir növ “başından edirsən”. Yəni, fərdi, yaradıcı oyuna demək olar ki, üstünlük vermirsən.
– Yığmada məşqçilərin tapşırığı ilə topu özümdə daha çox saxlayır, imkan düşdükcə fərdi oyuna üstünlük verirəm. Amma “İnter”də taktika tamam başqadır. Kaxaber Sxadadzenin tapşırığına əsasən yarımmüdafiənin mərkəzində oynayan futbolçular topu götürən kimi irəli ötürmə etməlidirlər. Mərkəzdə yersiz top itkisi qapımız önündə təhlükə yarada bilər. Buna görə mümkün qədər sadə oynamağa çalışırıq.
– “Qarabağ” məğlub oldu və onlarla aranızdakı xal fərqi 6-a endi. Başqa sözlə, çempionluq üçün əlavə stimul yarandı.
– Xal fərqi 9 olanda da çempion olacağımıza ümidimizi itirməmişdik. Nəinki mən, ümumiyyətlə, futbolçulardan heç birində çempionluğa inam “ölməmişdi”. “Qəbələ”yə məğlub olmaları əlbəttə işimizə yaradı. Doğrudur, 6 xal böyük fərqdir. Amma onlarla qarşıda 2 oyunumuzun olduğunu nəzərə alsaq, şanslarımızın yüksək olduğunu görərik. “Qarabağ”ın hansısa oyunda xal itirəcəyinə ümid etmək olmaz. Əsas öz aramızda olan oyunlara diqqət ayırmalıyıq. Həm də uzun müddət “Qarabağ”la aramızdakı oyunlarda qələbə qazana bilməməyimiz bizdə bir qədər motivasiyanı gücləndirib.
– Amma “Qarabağ”ı axırıncı dəfə nə vaxt məğlubu etdiyiniz nəsə yadıma gəlmir...
– Keçən mövsüm “Qarabağ”la keçirdiyimiz 4 oyunun 3-də onlara məğlub olmuşduq. Amma bu mövsüm bizə qalib gələ bilmirlər. Hər 2 oyun heç-heçə başa çatıb. Deməli, eyni səviyyəli rəqib hesab oluna bilərik. Qarşıdakı 2 oyunda kimin üstün olacağını demək düzgün çıxmaz. Kim güclü olacaqsa və bir az da bəxti gətirəcəksə, 6 xalı götürəcək.
– Nəzərə alaq ki, “Qarabağ”la müqayisədə “İnter” daha çox oyunda xal itirib. Özü də 10 heç-heçə ilə bu mövsümün rekordçususunuz.
– Elə oyunlar olub ki, bəxtimiz gətirməyib. Elə oyunlar da olub ki, həqiqətən hücumda “dişsiz” görünmüşük. Bu halda müdafiəyə daha çox fikir verməyə məcbur olmuşuq. Gözlənilmədən bəzi rəqiblərlə vacib xallar itirmişik. Həm də nəzərə alaq ki, komandaların hamısı bizim oyun üslubumuzu yaxşı mənimsəyiblər. “İnter”ə qarşı az qala 7-8 futbolçu ilə müdafiə olunurlar. Təbii ki, bu halda qol vurmaq çətinləşir. Bir məqamı da unutmayaq – “İnter” bu mövsüm ən az məğlub olan komandadır.
– Ardıcıl 23 oyunda ən çoxu 1 qol buraxmaqla dünya rekorduna sahib çıxıbsınız...
– Bundan xəbərim yox idi. Müdafiə olunanda bütün futbolçular bir-birilərini əla başa düşürlər. Bu üzdən az qol buraxırıq. 21 oyunda cəmi 10 qol buraxmağımız dediklərimə sübutdur. Sizin söylədiyiniz fakt da həmçinin.
– Çempionat başlayanda ardıcıl 2 oyunda qol vurdun. Yarızarafat, yarıciddi – “barıt qurtardı”?
– Yox, hələ var (gülür). İnşallah yenə də vuracam.
– Bir neçə gün əvvəl yığmada ilk oyununa çıxdın...
– Sözlə ifadə olunası hisslər deyil. 20 yaşında ilk dəfə ölkənin əsas yığmasında çıxış etmək heç də hamıya qismət olmur. Oradakı ab-hava tamam başqadır. Yığmadakı atmosferə tez uyğunlaşdım. Fikrimcə, oyunum da pis alınmadı. Robert Prosineçki oyundan əvvəl mənimlə söhbət etdi. Daha çox hücum futboluna üstünlük verəcəyini bildirdi. Məndən də bunu gözləyirdi. Bacardığımı elədim.
– Yığma “Şaxtyor”la oyuna nömrəsiz forma ilə çıxmışdı. Nömrə seçimi olsaydı, bir vaxtlar Şahin Diniyevin daşıdığı “7 nömrə”ni götürmək ürəyindən keçirdi?
– Yoxlama oyunu olduğuna görə nömrəsiz formalarda oyuna çıxmağımızda təəccüblü bir şey görmürəm. O ki qaldı nömrə seçiminə, fərq etməz, əsas yığmada oynamaqdır.
– Yəqin ki, Şahin müəllimlə oyundan sonra çıxışınla bağlı söhbətiniz olub.
– Oyunda səhvlərim var idi. “Şaxtyor”la oyundan sonra məsləhətlərini verdi. Düzü, yaxşı ya pis oynamağımla bağlı bir söz demədi. Məncə, çıxışımdan razı qalmışdı.
– Bəs, Prosineçki? Malta ilə oyunda meydanda olacaqsan?
– Yığmanın toplanışından sonra mənimlə görüşdü. Növbəti təlim-məşq toplanışlarında, o cümlədən Malta ilə oyunda məni yığmanın düşərgəsinə çağıracağını dedi. Amma oynadıb-oynatmayacağı ilə bağlı bir söz söyləmədi. Ola bilər əsas heyətdə meydana çıxım. Ola bilər ki, ümumiyyətlə, adım “18-liy”ə salınmasın. Bu, baş məşqçinin işidir və bütün hallarda hörmətlə yanaşmalıyam. Amma Malta ilə oyunda oynayası olsam, əlimdən gələni edəcəm ki, qalib gələk.
– Yığmadan sonra U-21-in heyətində Qana millisi ilə oyunda çıxış etdin. Məğlubiyyətin səbəbləri nə idi?
– Rəqib çox güclü idi. Dünya çempionatına hazırlaşan bir komandaya qarşı oynamaq çətin idi. Əsas yığmanın düşərgəsində olduğumdan U-21-in heyətində adaptasiya olunmağımda bir qədər çətinlik çəkdim. Həm də baş məşqçi məni öyrəşmədiyim mövqedə – hücumçunun arxasında sınadı. Yəni, ikinci hücumçu kimi oynadım. Əlimdən gələni etdim. Amma rəqib güclü idi. Məğlubiyyətə baxmayaraq, uşaqlar yaxşı oyun sərgilədilər. Düşünürəm ki, qarşıdakı rəsmi oyunlarda yaxşı nəticələr qazanacağıq.
– Yeri gəlmişkən, Türkiyədə olduğun müddətdə “Kasımpaşa”dan təklif aldığın barədə xəbərlər yayıldı. Təkliflər təkcə “Kasımpaşa”dandır?
– Təkliflər çoxdur. Amma onların heç biri haqqında fikirləşmirəm. “İnter”lə mövsümün sonuna kimi müqaviləm var. Yəqin ki, mübddəti başa çatanda müqaviləmi yeniləyəcəm. “İnter”də qalmaq istəyirəm. Çünki, futbolda indiyə kimi nail olduğum hər şey bu klubun adı ilə bağlıdır.
– Xarici klublardan da təklif olsa?
– Əgər olarsa, yəqin ki, dəyərləndirəcəm. “İnter”in də məni buraxacağına inanıram. Bayaq dediyiniz kimi, “Kasımpaşa”dan təklif var idi. Güman ki, “İnter”in növbəti oyunlarının birində gəlib oyunumu izləyəcəklər. Bəyənsələr, türk klubuna keçidim mümkündür. Amma bu xəbərlə oturub-durmuram. Bu dəqiqə bütün fikrim “İnter”dədir. Qalan məsələlərlə menecerim və atam məşğul olur.
– Kaxaber Sxadadze mövsümün sonunda “İnter”i tərk edəcək. Bu, Coşqun Diniyevin xeyrinədir, yoxsa ziyanına?
– Mənim “İnter”in əsas heyətində oynamağımda Kaxaber Sxadadzenin rolu danılmazdır. Oyunumu bəyənməsəydi, indi əvəzedicilərdəydim. Mənə şans verdi və düşünürəm ki, ümidlərini doğrultdum. İstəməzdim ki, o, komandanı tərk etsin. Amma bu futboldur. Onun gedişinin mənə ziyanı ya xeyri olacağını zaman göstərəcək.
– “İnter”in əsas heyət oyunçusu, yığmada debüt, Şahin Diniyevin oğlu... “Ulduz xəstəliyi” yaranmayıb ki?
– “İnter” və Azərbaycan futbolu adına hələ heç nə eləməmişəm. Hansı “ulduz xəstəliyi”ndən söhbət gedə bilər? Sadaladığınız faktorlar məni işimə daha məsuliyyətlə yanaşmağa vadar edir. Əsas məqsədim xaricdə oynamaqdır. Son illər Azərbaycan futbolunda inkişaf var. Amma xaricdə oynamaq daha yaxşıdır. Birdə ki, atam imkan verməz “ulduz xəstəliyi”nə tutulum (gülür).
– Sonda qardaşınla bağlı fikrini bilmək istərdim. Axır vaxtlar Kərim Diniyevin oyununda sanki eniş hiss olunur.
– Biz həmişə bir-birimizin uğurlarına sevinmişik. Kərim böyük qardaşım olduğuna görə demirəm, həqiqətən yaxşı futbolçudur. Sadəcə, ona özünü göstərmək üçün istənilən şərait yaradılmadığı fikrindəyəm. Məncə, Kərimə daha çox şans versələr, stabil oynasa, AZAL-a çox xeyri dəyər.
Mənbə: “Het-trik news” qəzeti
saytlarin hazirlanmasi