Emin Quliyev: "AFFA-dan edilən təkliflər elə söz olaraq da qaldı" MÜSAHİBƏ

15:00 - 3 Mart 2015

"Kəmiyyət baxımından deyil..."

 

"Xəzər Lənkəran"ın sabiq köməkçi məşqçisi və millimizin sabiq üzvü olan Emin Quliyevin Sportal.az-a müsahibəsi:

 

- Emin, hal-hazırda nə işlə məşğul olursan?

- "Xəzər Lənkəran"dan ayrılandan sonra işsizəm. Hələ ki, istirahətdəyəm.

 

-  "Xəzər Lənkəran"dan ayrılandan sonra hər hansısa bir klubdan təklif aldınmı?

- Mənə belə bir təklif olmayıb.

 

- Bəs bir müddət əvvəl adın “Şuşa” ilə yanaşı hallanırdı. Hətta xəbərlər də yayılmışdı ki, sən baş məşqçi Nadir Qasımova kömək edəcəksən...

- Bəli, belə bir məsələ var idi. Ancaq o söz olaraq qaldı.

 

- Bəs AFFA-dan səni axtaran olub?

- Açığı əvvəl heç kim mənlə maraqlanmırdı. Bu yaxınlarda bir müsahibəm getmişdi. Ondan sonra federasiyadan zəng eləyib mənimlə maraqlandılar. Onlar da mənə iş verəcəklərinə dair söz vermişdilər. Lakin hələ ki, bir xəbər yoxdu.

 

- “Xəzər Lənkəran” kimi komandada tanınmış məşqçilərlə çiyin-çiyinə işləmisən. İndi baş məşqçi olaraq ən azı I Divizionda hər hansı bir komandanı çalışdıra bilərsən?

- Mustafa Dənizli, Oğuz Çətin kimi tanınmış mütəxəssislərlə yanaşı işləməyim mənə çox təcrübə qazandırdı. Vaxt olub ki, “Xəzər Lənkəran”da baş məşqçi olmayanda komandanı mən oyuna çıxartmışam. Artıq yetərincə təcrübə toplamağım imkan verir ki, I Divizonda hansısa bir komandanı çalışdırım.

 

- İndi nə gözləyirsən?

- Gözləyirəm görüm ki, işsizlik günlərinə nə vaxt son qoyulacaq. İnanıram ki, nə vaxtsa məni də yada salıb bir iş təklif edərlər.

 

- Bəzən böyük klublarda işləmiş məşqçilər aşağı yaş qruplarında çıxış edən komandalarda çıxış etməyi özlərinə sığışdırmırlar. Sənə belə bir təklif olsa işləyərdin?

- Belə boş oturmaqdansa aşağı yaş qruplarında uşaqlarla işləmək insanə tənbəlləşdirmir və futboldan kənar qoymur.

 

- Kənardan çempionatı izləyirsən. Son illər çempionatın səviyyəsi həddən artıq aşağı düşüb. Bu barədə fikirlərin?

- Əvvəlki illərlə müqayisədə çempionatın səviyyəsi çox aşağı düşüb. Ola bilər ki, bu da komandaların az olması ilə bağlıdır. Hal-hazırda ajiotaj da əvvəlki səviyyədə deyil.  3-4 komandanı çıxmaq şərtilə digərləri elə də iddialı deyil. Əslində iddialı komandaların sayı nə qədər çox olarsa bir o qədər çempionatda rəqabət artar.Komandaların artırılmasında kəmiyyət baxımından deyil keyfiyyət baxımından da fikir vermək lazımdır. Əslində elitada bölgə komandalarına önəm verilməlidir ki, əyalətlərdə futbola maraq ölməsin. Misal olaraq, “Turan”, “Kəpəz”, “Şəmkir” “Neftçala” kimi komandalar yüksək dəstədə təmsil olunmağı daha məqsədə uyğun olar.

Xəbər xətti