"Onun komandada olmağı mənim üçün əlavə motivasiyadı"
"Qarabağ"ın futbolçusu Danilo Dias "Bakı" ilə kubok oyunundan sonra Sportal.az əməkdaşının suallarını cavablandırıb:
- Oyun haqqında fikirlərini bildirərdin, ikinci hissədə meydana daxil oldun və çox istəkli görünürdün..
- Oyuna çox yaxşı başladıq və ilk hissədə 3 qol vurduq, rəqibimizə də imkan vermədik ki, qapımız qarşısında təhlükəli epizodlar yaratsın. Komandamız istədiyi nəticəni birinci hissədə əldə etmişdi. Oyuna sonradan daxil olsam da, istəyərdim qol vurum. Amma əsas o idi ki, komandam qələbə qazandı.
- Son iki - üç turu əvəzedici heyətdə keçirirsən. Arıtq özünü əsas komandada oynamağa hazır hiss edirsən?
- Hər gün öz üzərimdə məşq edirəm, çalışıram ki, əvvəlki formamı qaytarım. Ümid edirəm ki, baş məşqçi mənə şans verəcək əsas heyətdə, mən də bu şansı dəyərləndirəcəm.
- Yayda komandadan gedəcəyin barədə söz-söhbətlər gəzir...
- "Qarabağ"la hələ ki, müqaviləm var və müqaviləmin qurtaracağı vaxta qədər komandada qalmağı fikirləşirəm. Vaxtıykən komandaya məni baş məşqçinin özü dəvət edib və ümid edirəm ki, burda karyeramı davam etdirəcəm. Hazırda bu haqda fikirləşmək istəmirəm, ancaq öz formamı bərpa etməyə diqqətimi yönəltmişəm.
- Dani Quintananın komandaya transferi səni heyətə düşmək baxımından narahat etmir ki?
- O da mənim kimi komandaya kömək etməyə gəlib, onun komandada olmağı mənim üçün əlavə motivasiyadır. Bu baş məşqçinin qərarıdı və hörmətlə yanaşıram. Belə söz-söhbətlərə fikir vermək istəmirəm, hazırda ancaq məşq etmək barəsində fikirləşirəm.
- Uzun müddət zədəli qaldın, yenidən formanı bərpa etmək üçün nə qədər vaxt lazımdı?
- Bir neçə oyunu əvəzedici heyətdə keçirdim, bu da mənə bir qədər kömək etdi. Artıq məşqlərdə daha inamla məşq edirəm. bu şəkildə davam edib, formamı bərpa etməyə çalışıram. Baş məşqçimiz də ədalətli insandı, ümid edirəm əsas heyətdə oynamaq şansını tezliklə əldə edəcəm.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi