"Bunu özümüz bilərik, hansısa klubdan icazə alası deyilik" MÜSAHİBƏ

00:41 - 5 Mart 2015

"Reallıq budur ki, klub prezidenti bizdən birinci yeri istəyir"
 
"Xəzər Adaları"nın baş məşqçisi Elnur Qəmbərovun Sportal.az-a müsahibəsi:
 
- Bu gün EKOL-la qarşılaşacaqsınız. "Fənər"lə ağır oyundan sonra komandanı bu oyuna kökləmək çətin deyil ki?
- İlk olaraq, sportal.az saytına təşəkkürümü bildirirəm ki, futzala da yer ayırırsınız və dünənki məşqdə də iştirak etdiniz. Biz nəinki EKOL-la oyuna, digər rəqiblər "Neftçi", "Araz", "Fənər" və "Qarabağ Vetranları" ilə oyunlara da ciddi hazırlaşırıq. Hazırda ikinci yerdən 5 xal irəlidəyik. Yaxşı başa düşürük ki, hər an bu xal fərqini itirə bilərik. İstəyirik ki, çempionluğu erkən qeyd edək ki, sonlara yaxın əziyyət çəkməyək. Bu oyuna da siz də şahidi oldunuz ki, ciddi hazırlaşmışıq.
 
- Belə başa düşdüm ki, artıq 3-cü dövrənin sonunda çempionluğu rəsmiləşdirmək istəyirsiniz...
- Bunu hər bir komanda istəyir, biz də bunun üçün çalışırıq ki, erkən çempion olaq və indidən UEFA kubokuna hazırlaşaq. UEFA turniriində reytinq baxımından "Araz"dan aşağıda olduğumuz üçün birinci mərhələdən başlayacağıq. Ona görə də, indidən avrokubok üçün heyəti formalaşdırmaq istəyirik. Hazırda çalışırıq ki, çempionluğu erkən qeyd edək.
 
- Komanda qış toplanışı zamanı Qazaxıstana yollandı. Bildiyimiz qədər, siz komanda ölkəyə qayıtdıqdan sonra bir neçə gün orda qaldınız. Buna səbəb nə idi?
- Qazaxıstan tərəfi bizim bütün ehtiyacları qarşıladı, bir daha təşəkkürümü bildirirəm. Bizi də orda çox səmimi şəkildə qarşıladılar. Onların çox gözəl infastrukturları var, yatsam yuxuma da girməzdi ki, futzalda belə infastruktur var. Məsələn hər komandada 3 həkimi var, 2 fiziki hazırlıq üzrə məşqçiləri var və s. J. Alesio və Kakau futzal sahəsində öz sözünü demiş məşqçilərdi. O ki qaldı orda 3 gün əlavə qalmağıma, mənim ən böyük arzum idi ki. gedim belə məşqçilərlə ünsiyyətdə olum və onlardan nəsə öyrənim. Alesionun 5-6 il öncə futbolçusu olduğum üçün yaxşı tanıyırdım, orda da məni yeni şeylər öyrətdi. Onlar Çempionlar Liqasının qalibi olmalarına baxmayaraq, mənimlə çox səmimi və rahat idilər. Ötən turda "Fənər"lə oyunda Qazaxıstanda yoldaşlıq oyunlarından və 3 gün orda əlavə qaldığı müddətdə öyrəndiklərimi tətbiq etdim və bunlar da mənə çox kömək oldu.
 
- "Fənər" rəsmiləri belə bir açıqlama vermişdilər ki, Qazaxıstan tərəfi bizə təklif göndərmişdi, lakin onların baş məşqçisi J. Alesio milli komandamızı qoyub qaçdığı üçün bu təklifi rədd edib...
- Bu haqda danışmaqdan yorulmuşam. "Fənər" rəsmisi deyib ki, biz Alesioya görə rədd etdik, amma "Xəzər Adaları" qəbul etdi. Avrokubok zamanı biz təmsilçimiz "Araz"a 7 futbolçunu icarəyə verdik, "Fənər" rəsmiləri isə təmsilçimizə oyunçu verməkdən imtina etmişdi, futbolçularının ora yollanacağı təqdirdə komandadan qovacağını bildirmişdi. O ki qaldı, bizim Qazaxıstana reklam üçün getməyimizə, belə yaxşı eləyirik, bunu özümüz bilərik, biz hansısa klubdan icazə alası deyilik. Təklif gələndə, məsləhət aldığım ilk adam Futzal Federasiyasının prezidenti Zaur Axundov olub, o da gedin dedi. İndi də bilirəm ki, onların özü də hazırda Alesio ilə əlaqə saxlayır, danışır. Sadəcə nə sözləri varsa, gəlsinlər üzümüzə desinlər.
 
- Bəlkə "Fənər" komandanız və sizin qısa müddətdə qazandığı uğurlara görə belə açıqlamalar verirlər..
- Bu onları qıcıqlandırır ki. 7 aydır Yüksək Liqada çıxış edirik  və hazırda da onlara 5 xal fərqimiz var. İndi də ən yaxşı legionerlər və gənc yerli futbolçular bizim komandadadır. Rəhbərlik bizim üçün hər cür şərait yaradıb. Onlara demək istəyirəm ki, biz azərbaycanlıların uğurlarına da sevinsinlər. Mən özümü dahi məşqçi saymıram, gecələr yatmıram, gedirəm yeni nəsə öyrənim və bundan da çəkinmirəm. Bir vaxt da danışdılar ki, bizim komandada ancaq legionerlər oynayır, ona görə qələbə qazanırıq. Bunu da özünüz də gördünüz ki, komandada nə qədər yerli futbolçu var. Ona qalsa, "Fənər"də legionerlərin sayı bizdən çoxdu.
 
- Bu söz -söhbətlər sizə psixoloji təsir göstərmir?
- Bu söhbətlər yalnız mənə psixoloji təsir edir, çox tez əsəbləşirəm. Nə sözləri varsa, gəlsinlər klub rəhbərliyinə desinlər. Gedib mətbuata məndən və ya komandamdan danışmasınlar. Bunların hamısı məni qıcıqlandırır, çünki mən bəzi adamlardan işimdə dəstək gözləyirdim, amma olmadı. Şükürlər olsun ki, qazandığım nəticələrlə öz sözümü deməyə çalışıram. Federasiyanın prezidenti Zaur müəllimə də xüsusi təşəkkürümü bildirirəm, özü mənimlə söhbətində bildirib ki, məni öyrənmək üçün bütün kurslara göndərəcək.
 
- Komandada yetəri qədər yerli və legioner futbolçular var. Hansılarla işləmək sizin üçün daha rahatdı?
- Mənim üçün yerlilərlə işləmək daha asandır, amma bizim legionerlərə diqqət yetirsəniz görərsiniz ki, hansı komandalardan gəliblər, hamısı peşəkardılar. Onlarla işləmək həm asandı, həm də çətin. Səmimi olsaq, onlar bura pul qazanmağa gəlib və deyə bilərəm ki, pullarını da halallıqla qazanırlar, çempionatda birinci yerdədilər. İstəyərdim ki, komandada yerlilərlə işləyim, ancaq reallıq budur ki, klub prezidenti bizdən birinci yeri istəyir. Biz də hazırda bunun üçün çalışırıq. 

Xəbər xətti