"Xəzər Lənkəran"ın kapitanı: "İnter"dən zəif oynamadıq" MÜSAHİBƏ

00:38 - 6 Mart 2015

"Axırıncı ötürməni verə, eləcə də son nöqtəni qoya bilmirlər"
 
“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyevin Sportal.az-a müsahibəsi:
 
- “Xəzər Lənkəran” pis təsir bağışlamasa da, meydanı qələbə ilə tərk edən tərəf “İnter” oldu. Məğlubiyyətin səbəbini nədə görürsən?
- Bilirdik ki, ağır oyun olacaq. “İnter” iddialı, nəticəyə oynayan komandadır. Bununla belə, görüşə yaxşı hazırlaşmışdıq. Kubok oyunu ilə çempionat görüşü arasında fərq olur. Biz də yaxşı nəticə əldə etmək istəyirdik. Qol vurmaq üçün şanslarımız da oldu. Lakin həmin şanslardan yararlana bilmədik. Nəticədə də uduzduq.
 
- “İnter”in qələbəsi qanunauyğunluq idi?
- Biz onlardan zəif oynamadıq. “İnter” imkanlarından istifadə etdi, biz isə edə bilmədik.
 
- İlk oyundakı 0:2 hesablı yenilgidən sonra “Xəzər Lənkəran”ın yarımfinala adlamaq ümidi qalıb?
- Ümid həmişə var. Qapımızda 2 cavabsız qol görmüşük. Bu, elə də böyük fərq deyil. Bizim səfər oyununda qol epizodlarımız oldu. Deməli, evdə də rəqib qapısı qarşısında təhlükə yarada bilərik. Çalışacağıq ki, evdə maksimum nəticə qazanaq.
 
- Ölkə kubokunda mübarizəni 1/4 finalda dayandırsanız, mövsümü “Xəzər Lənkəran” üçün bitmiş saymaq olar?
- Çempionat bizim üçün əldən gedib. İndiki məqamda çempionatda uğur qazanmağımız çətindi. Həqiqətən də ümidimiz ancaq kubokadı. O da əldən getsə, mövsümü bizim üçün bitmiş hesab etmək olar. Heyətimizin əsasını cavanlar təşkil edir. Onlar isə təcrübə yığmalıdırlar.
 
- Rahid, “Neftçi” ilə oyundan sonra bildirmişdin ki, komanda üzvləri gənclərdir və vaxta ehtiyac var. Geridə qalan müddətdə komandada irəliləyiş görürsən?
- İrəliləyiş var. Amma bu 5-10 oyuna düzələn məsələ deyil. Komandamızın üzvləri cavanlardı. Daha uzun müddətə ehtiyac duyulur. İrəliləyiş hiss olunur. Belə baxanda, pis oynamırıq. Sadəcə nəticə qazana bilmirik. Gələcəkdə çalışacağıq ki, bundan da yaxşı oynayaq.
 
- Əsas çatışmazlıq kimi hücum xəttinin “dişsiz” olmasını göstərmək mümkündür?
- Hücumda gənclər yer alıb. Onlarda isə təcrübə çatışmır. Axırıncı ötürməni verə, eləcə də son nöqtəni qoya bilmirlər. 

Xəbər xətti