"Bir sözlə, komanda fəaliyyətini dayandırmayacaq"
“Bakı” klubunun prezidenti Hafiz Məmmədov AFFA-nın bu gün keçirilən Hesabat Konfransından sonra jurnalistlərə verdiyi müsahibə verib
Sportal.az müsahibəni təqdim edir:
- Son baş verənlərə aydınlıq gətirərdiniz...
- Hər şey qaydasındadı. Bütün çətinliklər göz qabağındadı. “Xəzər Lənkəran” klubunun sponsoruna mesaj göndərmək istəyirəm. “Bakı”nın problemi yoxdu, sadəcə biznes sahəsindəki əməkdaşlarımız, iş adamları borclarını vaxtında qaytarmırlar. Bu da bizə mənfi təsir edir. Hadisələrin bu cür axarı təkcə “Bakı”ya yox, Fransada “Lans”ın durumuna da təsirsiz ötüşmür. Orada vəziyyət çox ağırdı. Media vasitəsi ilə Ələddin bəyə müraciət edirəm ki, təcili tədbir görsün, borc qalığını ödəsinlər. Məbləği açıqlamaq istəmirəm. Amma həmin məbləğ klubumuzun uzunmüddətli büdcəsi deməkdi.
- Başqa kimlərin borcu var?
- Əgər dediyim borc həll edilsə, nə “Bakı”da, nə də “Lans”da problem yaşanacaq.
- Belə bir məlumat yayılıb ki, Madrid “Atletiko”su ilə müqavilə başa çatdıqdan sonra yeni mövsüm üçün danışıqlar aparılacaq. Bu nə dərəcədə həqiqətə uyğundu?
- “Atletiko” ilə anlaşmamız oktyabrda başa çatacaq. Artıq onlar başqa ölkələrin müxtəlif şirkətlərindən təkliflər alıblar. Özləri də deyirlər ki, “Land of Fire Azerbaijan” bizə uğur gətirib. Bu istiqamətdə danışıqlar gedir. Müqavilənin müddətinin uzadılıb-uzadılmayacağına qərar veriləcək. Amma dəqiq olan odur ki, oktyabra qədər “Atletiko” meydana “Land of Fire Azerbaijan” ilə çıxacaq.
- “Atletiko” digər şirkətlərdən təklif alsa da, sizinlə daha aşağı qiymətə anlaşmağa hazır olduğu bildirilir...
- Belə bir şey var. Bizdən 3 qat artıq pul təklif edən şirkətlər də var. Yenə deyirəm, özləri deyirlər ki, Dieqo Simeoni ilə “Land of Fire”nin gəlişi eyni vaxta təsadüf edib və kluba uğur gətirib. Ona görə də əməkdaşlığı davam etdirmək istəyirlər. Hətta təklif etdiyimiz məbləğ digərlərindən az olsa belə.
- Bəs “Bakı”nın vəziyyətinin düzəldilməsi üçün hansı işlər görülür?
- Belə olmamalı idi, amma oldu. Tarixdə belə hadisələr də olur. Dəfələrlə borclu insanlara məktublar yazdıq, danışdıq, xahiş etdik ki, bizə çatası məbləği yubatmasınlar. Çünki bu durum tək “Bakı”ya deyil, “Lans”a da yaxından təsir edir. Artıq gözləmək üçün zamanımız da yoxdu. Vəziyyət çox kritikdi. PSJ ilə oyuna qədər müəyyən məbləği ödəməliyik ki, onlarda inam yaransın. Yoxsa bir qrup azarkeş təxribat xarakterli işlər görəcəklər. Hətta oyunun yarımçıq dayandırılmasına da cəhd edə bilərlər.
- Siz “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovla danışmısınız?
- Mübariz bəyi narahat etməmişik. Danışığımız Ələddin Aytacla olub. Onu da axtarıb tapa bilməmişik. Bununla bağlı Mais Mənsimova da müraciət etmişik. O da kömək etməyə çalışır.
- Ola bilərmi “Bakı” yeni mövsümdən çıxışını dayandırsın?
- Tam əksinə. “Bakı” bu dəfə iddialı olacaq. Akademiyamızın yetirmələrindən də istifadə edəcəyik, bir-iki yaxşı transferlər də edəcəyik. Ancaq işləri bu dəfə səliqəli şəkildə yerinə yetirəcəyik. Bir sözlə, komanda fəaliyyətini dayandırmayacaq.
- Hazırkı durumda “Bakı”ya kənardan münasibət necədi?
- AFFA tərəfindən “Bakı”ya yaxşı münasibət gördüm. Assosiasiya kluba çox kömək elədi. Rövnəq müəllimin göstərişi ilə Elxan Məmmədov klubla yaxından maraqlandı. Bazaya suyun, qazın verilişində problem yaranan zaman AFFA öz köməkliyini əsirgəmədi. Bir sözlə, AFFA hər zaman arxamızdadı. Dəyişiklik olub, amma müsbət tərəfə.
- Əgər maliyyə problemləriniz həll edilsə, “Atletiko” və “Lans”la əməkdaşlığı davam etdirməyi düşünürsünüzmü?
- Əlbəttə, amma bunu tək etmək çətindi. Digər biznes strukturları da bizə dəstək verməlidi. Bunun üçün danışıqlar aparacağıq. Çalışacağıq ki, yanımızda digər iş adamlarımızı da görək. “Atletiko”nun ötən mövsüm oyunlarını 250 milyon azarkeş izləyib. Bu rəsmi məlumatdı. Deməli, bu qədər insan “Land of Fire Azerbaijan”ı izləyib. (apasport.az)
saytlarin hazirlanmasi