Azarkeşsiz futbolumuzun günahkarları
AFFA-nın hesabat-seçki konfransında çıxış edən Rövnəq Abdullayev stadionlara azarkeşlərin gəlməməsini belə izah edib:
“Sanki azarkeşsiz oynamaq klublara sərf edir. Çünki fanatlar olmayanda onları istefaya səsləyən olmur”.
Onun bu açıqlaması birbaşa klub rəhbərlərinə yönəlib. AFFA prezidenti iddia edir ki, azarkeşlərin stadionlara gəlməməsi məqsədyönlü şəkildə aparılır.
Azərbaycanda demək olar ki, heç bir klubun oyunlarına böyük azarkeş kütləsi gəlmir. Ancaq əvvəlki illərlə müqayisə aparsaq, AFFA prezidentinin dediyi kimi, Abdullayev “Neftçi”nin rəhbəri olanda, bu klubun oyunlarına 20 min azarkeş gəlirdi. Bu açıqlamasını da nəzərə alsaq, Rövnəq Abdullayevin “Neftçi”nin indiki prezidenti Sadıq Sadıqova səsləndiyini demək olar.
Son zamanlar azarkeşsizlikdən əziyyət çəkən daha bir klub “Xəzər Lənkəran”dır. Əvvəllər demək olar ki, həmişə dolan Lənkəran arenasında indi boş yerlər çox olur. Rövnəq Abdullayevin ismarıcını Mais Mənsimova da ünvanlanmış olduğunu hesab etmək olar.
Çempionatda oyunlarına az sayda azarkeş gələn klublarımızdan biri də “Qarabağ”dır. Ancaq Avropa səhnəsində ölkənin qüruru sayılan və çempionatda da inamlı çıxış eləyən “Qarabağ”ın azarkeşlərin “istefa” şüarından çəkinməsi real deyil. “Qarabağ”a nəinki öz azarkeşləri, hətta digər klubların azarkeşləri arasında da rəğbət bəsləyənlər çoxdur.
Syominin gedişindən sonra özünə gələ bilməyən “Qəbələ”də də fanatların narazılığı olur. Təbii ki, nəticələr azarkeşlərin arenaya gəlişinə təsir eləyir. Bu baxımdan Tale Heydərovun da Rövnəq Abdullayevin qınağına gəldiyini ehtimal etmək olar.
Digər klublara gəlincə, Zaqatalada və Sumqayıtda bəlli sayda azarkeş həmişə meydana gəlir. “Bakı”nın problemləri məlumdur. AZAL və “İnter”in isə heç zaman azarkeş potensialı olmayıb.
Yusif Hüseynov (Sportal.az)
saytlarin hazirlanmasi