"Bakı"nın futbolçusu: "Mən ona gənclərin səhvlərini qışqıra-qışqıra yox, sakit şəkildə deməli olduğunu bildirdim" MÜSAHİBƏ

11:25 - 9 Mart 2015

"Meydanda olan meydanda da qalır"

 

Premyer Liqanın XXV turu çərçivəsində dünən keçirilən AZAL - "Bakı" (2:0) matçından sonra qonaqların müdafiəçisi Vüqar Bəybalayev Sportal.az-ın suallarını cavablandırıb:

 

- Oyun haqda danışardın. Ardıcıl məğlubiyyətlər davam edir…

- Oyuna yaxşı başladıq. Üstünlük də bizdə idi. Ancaq ikinci hissə 1 nəfər azlıqda qalandan sonra üstünlüyü əldən verdik və bundan sonra qolları buraxıb məğlub olduq. İstəməzdim məğlub olaq. Ancaq belə oldu. Qarşıdakı oyunlara baxmalıyıq.

 

- Oyunun gedişatında komanda yoldaşın Jaba ilə aranda münaqişə yaşandı. Səncə Jabanın etdiyi hərəkət peşəkar futbolçuya yaraşan hərəkətdi?

- Açığı münaqişə mənə görə olmadı. Gənc komanda yoldaşım topu itirəndə Jaba ona etirazın kobud şəkildə bildirdi. Mən isə aranı sakitləşdirmək istəyəndə, mənlə də kobud danışdı. Mən ona gənclərin səhvlərini qışqıra-qışqıra yox sakit şəkildə deməsini və ən azından bir kapitan olaraq ona dəstək olmasının lazım olduğunu bildirdim. 1-ci hissədən sonra da bu barədə danışdıq və bir-birimizi başa düşdük. Meydanda olan meydanda qalır.

 

- Oyunun son dəqiqələrində cərimə meydançasında yerdə qaldın. Lakin hakim penalti təyin etmədi. Səncə həmin epizodda penalti var idi?

- Açığı həmin epizodda penalti təyin olunacağını düşündüm. Lakin, hakim davam işarəsini verdi. Mən də heç bir etiraz etmədim. Epizodun təkrarına baxmamışam. Ancaq düşünmürəm ki, Rəhim Həsənov səhv edə.

 

- 4 gün sonra kubokda “Qarabağ”la cavab oyununuz var. Səncə komandanın belə bir vəziyyətində nəyəsə ümid etmək olar?

- Oyuna proqnoz vermək istəmirəm. Biz matça çıxıb əlimizdən gələni edəcəyik. Rəqib güclü olsa belə.

 

- Premyer Liqanın növbəti turunda isə “Simurq”u qəbul edəcəksiniz. Bu barədə fikirlərin…

- Həmin matçın da gərgin keçəcəyini düşünürəm. Amma bu oyunda da biz meydana qələbə üçün çıxacağıq. Nəticənin  necə olacağını isə zaman göstərəcək.

 

Orxan Həsənquliyev

Xəbər xətti