Problem yoluna qoyulub
Klub rəhbərlərinin federasiya qarşısında şərt qoyması, çempionatı tərk etməklə hədələməsi Azərbaycan futbolunda adi hala çevrilib. Sportal.az saytının əldə etdiyi məlumata görə, PFL rəhbəri Ramin Musayevi bu dəfə AZAL rəhbərliyi çempionatı tərk etməklə hədələyib.
Ölkə kubokunun 1/4 final mərhələsində qolsuz bərabərliklə başa çatan “Neftçi” – AZAL oyunundan sonra bir nüans ortaya çıxıb. Aydın olub ki, AZAL-ın futbolçusu Aleksandr Şemonayevin əvvəlki mövsümdən kubok oyunlarında cəzası qalıbmış. Həmin futbolçu “Neftçi”yə qarşı oynadığına görə, AZAL texniki məğlubiyyət almalıydı.
Lakin bu məsələ ortaya çıxdıqdan sonra AZAL rəhbərliyi PFL-in prezidenti Ramin Musayevin qarşısında ultimatum qoyub. Ki, bizə texniki məğlubiyyət verilsə, çempionatı tərk edəcəyik.
Çətin vəziyyətdə qalan Musayev məsələni ört-basdır etmək üçün variant axtarıb. Və belə bir fikir irəli sürülüb ki, Şemonayev “Xəzər Lənkəran”ın heyətində “Araz Naxçıvan”la oyunda həmin cəzanı artıq başa vurub. Hərçənd, çempionatı yarımçıq tərk edən Naxçıvan klubunun bütün nəticələri ləğv olunub, “Xəzər Lənkəran”la “Araz Naxçıvan” arasında oyun keçirilməyib, həmin görüşdə Lənkəran klubu texniki qələbə qazanıb. Qaydalara görə isə, futbolçu cəzasını faktiki oyunda çəkməli idi.
Hər halda problem yoluna qoyulub. Qarşıda AZAL-ı “Neftçi”ylə Şüvəlanda kubokun cavabı oyunu gözləyir.
saytlarin hazirlanmasi