"Xəzər Lənkəran"ı saymamazlıqdan gəlmək olmaz"
Premyer Liqanın son turunda keçirilən AZAL "Bakı" (2:0) matçında ikinci qolun müəllifi olan "təyyarəçilər"in gənc futbolçusu Nicat Qurbanov Sportal.az-ın suallarını cavablandırıb:
- Premyer Liqanın son turunda “Bakı” ilə qarşılaşmada ikinci qolun müəllifi oldun. Nə hisslər keçirirsən?
- Oyuna sonradan daxil olmağıma baxmayaraq qol vuraraq komandama kömək etdiyim üçün sevinirəm. Lakin, bu oyunu unudub qarşıdakı matçlarımıza baxmalıyıq.
- Qış fasiləsindən sonra ardıcıl uğurlu nəticələr qazandınız. Lakin son 1-2 oyundur ki, həm nəticə baxımından, həm də oyun baxımından istəyinizi həyata keçirməkdə çətinlik çəkirsiniz. Səncə buna nə səbəb ola bilər?
- Buna sadəcə kiçik uğursuzluq deyərdim. İnşallah qarşıdakı oyunlarda qələbələri sıralamaqla bu uğursuzluğa son qoyacağıq.
- Komandada son durum necədir? Avrokuboklara vəsiqə qazanmaq üçün çempionata, yoxsa kuboka ümid bəslənilir?
- Şükür hər şey qaydasındadı. Qələbə qazandıqdan sonra həmişə hər şey yaxşı olur. Düşünürəm ki, həm kubokda, həm də çempionatda yüksək yerlər üçün mübarizə aparmaq lazımdı. Biz də komanda olaraq bunun üçün çalışırıq.
- Kubokda “Neftçi” ilə cavab oyununuz var. “Flaqman” heç də yaxşı günlərini yaşamır. Səncə bu matçda qələbə qazanmaq asan ola bilər?
- Artıq qış fasiləsindən sonra “Neftçi” ilə 3 dəfə qarşılaşmışıq. Hər oyun da öz gərginliyi ilə seçilib. Düşünürəm ki, ayın 13-ü daha da gərgin olacaq. Çünki burada qələbə qazanan növbəti mərhələyə yüksələcək.
- Bildiyin kimi, növbəti turda qarşılaşacağınız “Xəzər Lənkəran” daha çox gənc futbolçulardan təşkil olunub. Səncə bu amil sizin üçün əlavə üstünlükdü?
- “Xəzər Lənkəran”ı saymamazlıqdan gəlmək olmaz. Son turda oynadıqları “Qarabağ”la matçın bəzi fraqmentlərinə baxdım. Yaxşı oynadılar. Gənclər özlərini sübut etmək üçün canlarını qoyurdular. Açığı, burada Elbrus müəllimin də işi görsənir. Düşünürəm ki, maraqlı oyun keçəcək. Qabaqcadan nəsə demək çətindir.
Orxan Həsənquliyev
saytlarin hazirlanmasi