"Millidə oynayacağıma inanıram"
Azərbaycan kubokunun ¼ final mərhələsi çərçivəsində keçirilən “Bakı” – “Qarabağ” (1:4) matçından meydan sahiblərinin yeganə qolunun sahibi olan Mahir Mədətovun Sportal.az-a müsahibəsi:
- Oyun haqqında fikirlərin?
- İlk oyunun nəticəsindən asılı olmayaraq bu oyunda özümüzü yaxşı tərəfdən göstərməyə çalışırdıq. Fikrimcə bunu bacardıq. 1-ci hissədə yaxşı oynadıq. Lakin 2-ci hissədə təcrübəsizliyimizin qurbanı olduq. Biz gənc komandayıq. Təcrübəli futbolçularımız az idi. Demək olar ki, Pelagiasdan başqa bütün oyunçular gəncdi və buna görə də təcrübəsizlik öz sözünü deyir. Sevinirəm ki, qolumu vurdum. Bu qolla komandama kömək edə bilməsəm də, “Qarabağ” kimi ölkənin ən güclü klubuna qarşı qol vurmaqla özümüzə inam hissini bir qədər artırdı.
- Meydanda “Qarabağ” azarkeşləri tərəfindən alqışla qarşılandın. Əvəzələnəndə səndə bu dəstəyə öz alqışınla cavab verdin. Səncə bu bir vaxtlar “Qarabağ”la adının hallanmasına görə ola bilərmi?
“Qarabağ” azarkeşlərinə qarşı simpatiyam var. Sosial şəbəkələrdə də daim onlar tərəfindən dəstəyi hiss edirəm və bu matçda da onların dəstəyi təbii ki, məni sevindirir.
- Qurban Qurbanovla oyundan sonra kiçik bir dialoqundan da oldu...
- Mən kiçik yaşlarımdan Qurban Qurbanovun fanatı olmuşam. Onu da əlavə edim ki, Qurban müəllim ana tərəfindən mənim yerlimdi və anamla bir sinifdə təhsil alıblar. Bu kimi hallar məni ona yaxın edir. İlk istəyim Avropada oynamaq olsa da, “Qarabağ” kimi komandanın formasını geyinmək arzularımdan biridi.
- Son vaxtlar adın “Ayntraxt”la hallanır. Bu barədə nə deyərdin?
- Bu barədə əvvəl də qeyd etdiyim kimi çox danışmaq istəməzdim. Millimizin də baş məşqçisi bu barədə danışmağımı istəmir. İstiyərəm ki, baş tutan bir şey haqqında danışım.
- Oyunun sonlarında zədələnərək meydanı tərk etdin...
- Ciddi bir şey yoxdu. Sadəcə millinin toplanışına yollanacağım üçün tez əvəzləndim.
- Aşağı yaş qruplarında millinin formasını geyinmisən. Nə vaxtsa əsas millinin şərəfini qoruyacağını düşünürsən?
- Hər gənc futbolçu kimi, millidə oynamaq ən böyük arzumdur. Oranın ab-havasını hiss eləmək istəyərdim. Deyə bilmərəm ki, hal-hazırda milliyə layiqəm. Amma nə vaxtsa orada oynacağıma inanıram.
- Növbəti turda “Simurq”la oyununuz var. Səncə uğurlu nəticə əldə edə biləcəksiniz?
- Mən millinin toplanışı ilə əlaqədar komandama kömək edə bilməsəm də, ürəyim onlarladı. İnanıram ki. Bu oyundan maksimum nəticə ilə ayrılacağıq.
saytlarin hazirlanmasi