"Sumqayıt" rəsmisi yayılan məlumatları təkzib etdi: "Belə xəbərlər klubumuza atılan böhtandan başqa bir şey deyil"

13:05 - 14 Mart 2015

"Şərtlər necədisə ödənilən məbləğ də..."

 

Mətbuatda yayılan məlumatlara görə, "Sumqayıt"ın prezidenti Kamran Quliyev oyunçuları əsəbləşdirən qərar verib. Belə ki, məsələn, indiyədək 5000 dollar maaş alan futbolçu bundan sonra 4000 dollar üstəgəl 10 faiz bonus əldə etmiş olacaq. Klubda ödəmələr dollarla aparıldığından bu, oyunçuların etirazına səbəb olub. Hətta belə bir məlumatda var ki, maaşlar ödənilənə kimi qərar dəyişməsə və əmək haqqları yeni üsulla verilsə, oyunçular məşqlərə və lazım gələrsə, növbəti turun oyununa çıxmayacaq.

 

Bu barədə Sportal.az-a açıqlama verən "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov yayılan məlumatları təkzib edərək bunları qeyd edib:

 

"Bu xəbərlər "Sumqayıt" FK-na atılan böhtandan başqa bir şey deyil. Belə bir halla kimlərsə bizə ləkə atmaq niyyətindədirlər. Futbolçuların məşqə çıxmamağı və növbəti turda oynamayacağı haqda məlumatların yer alması absurddur. Hal-hazırda növbəti oyuna çıxmaq üçün məşqlər də davam edir. Futbolçuların maaşlarının azalması məsələsinə gəldikdə isə, müqavilədə ilkin şərtlər necədisə indiyə qədər də həmin şərtlərlə ödəniş həyata keçirilir. Heç bir futbolçu deyə bilməz ki, nə vaxtsa klubda maaşlar gecikib və ya ödənilməyib. Belə bir hal klub tərəfindən yolverilməzdir."

Xəbər xətti