"Çətinlik sevildikcə asanlaşır"
AFFA-nın baş katibi Elxan Məmmədov apasport.az saytına müsahibə verib. Sportal.az sizi həmin müsahibə ilə tanış edir:
- Elxan Məmmədovun təqdimata ehtiyacı varmı? Əgər varsa, özünüzü necə təqdim edərdiniz?
- Hər bir kitabın yazıçıya ehtiyacı olduğu kimi, hər bir insanın da təqdimata ehtiyacı var. Elxan Salhab oğlu Məmmədov.
- 28 yaşınızdan AFFA-nın baş katibisiniz. Bu yaşda ağır yükün altına girmək çətin olmadı?
- Çətinlik sevildikcə asanlaşır. Çətinlikdən qorxmadan yükün altına girmək onu yüngülləşdirməyin ən gözəl yoludu. Hər şey insanın özünə inamından başlayır.
- Xaricdə təhsil almısınız, biznesin idarə edilməsi kurslarında oxumusuz. Futbola gəlişiniz necə alındı: təsadüf nəticəsində, yoxsa öz istəyinizlə?
- Həyatda heç bir şey təsadüf nəticəsində olmur. Sadəcə, istəklərimiz bizi olmaq istədiyimiz yerlərə gətirib çıxaracaq qədər güclü olmalıdı. Təhsildən danışmışkən, onu da deyim ki, hazırda xaricdə 2-ci magistr təhsilimi davam etdirirəm.
- Kənardan sadə, alicənab, səbirli görünürsünüz. Bəs adi həyatda necəsiniz?
- Heç vaxt göründüyüm kimi olmağa çalışmamışam. Olduğum kimi görünürəm. Amma açığın desəm, səbirsizlik mənim ən zəif cəhətimdi.
- Sizin üçün əsas həyat prinsipləri hansılardı?
- Həyat prinsiplərim çoxdu. Amma əsas olan prinsiplərə həmişə sadiq qalmaqdı.
- Xasiyyətinizdən belə başa düşmək olar ki, uşaqlıqda dəcəl olmamısınız. Doğrudumu?
- İnsanın xasiyyəti dəyişmir, sadəcə bəzi xüsusiyyətlər yaşla əlaqədar olaraq gizlənir və ya ortaya cıxır. Onu da deyim ki, məktəb vaxtlarımda rübdə bir dəfə anamı məktəbə çağırıb, dəcəlliyimdən şikayət edən müəllimlərim də olub. Təbii ki, bunun dərslərimə mənfi təsir göstərməsinə heç vaxt imkan verməmişəm.
- Məktəb illərində oğlanlar adətən qız üstündə dava edirlər. Sizin də başınıza belə bir hadisə gəlibmi?
- Adətlərdən uzaq deyiləm. Hər 10 oğlandan 9-nun başına belə bir hadisə gəlibsə, qıraqda qalan o 1 nəfər mən olmamışam.
- Əksər kişilər tələbə vaxtı, yəni tək qalanda məcburən yemək bişirməyi öyrənirlər. Nəzərə alsaq ki, xaricdə təhsil almısız, ailədən uzaq olmusuz. Deməli, Elxan Məmmədovun da yemək bişirmək bacarığının olması istisna deyil...
- Futbol qədər maraqlı və həyəcanverici olmasa da, bacardığım istisna deyil. Oxuduğum müddətdə buna məcbur olduğum üçün öyrənmişəm. Öyrəndiklərim isə omlet, spagetti, ət (steak) olub. Bir neçə dəfə şorba bişirməyə cəhd etmişəm və hər dəfə evi tanınmaz hala salmışdım.
- Övladlarınıza qarşı köhnə azərbaycanlı düşüncəsi ilə yanaşırsız, yoxsa modern azərbaycanlı? Yəni onları çox sıxırsız, ya sərbəstlik vermisiniz?
- Hər şeyin çoxu və yaxud azı ziyandı. Ortanı tapmaq həmişə cox vacibdi. Ümumiyyətlə, mən və həyat yoldaşım bu məsələyə konservativ yanaşırıq.
- Elxan Məmmədov olmaq istədiyi pillədədimi?
- Olduğum yerdə daha böyük nailiyyətlər qazanmağa çalışıram.
- Əlinizdə ixtiyar olsaydı, həyatınızda nələri dəyişərdiniz?
- Belə bir ixtiyar istəmirəm. Çünki heç bir şeyi dəyişmərəm.
- Dostunuz çoxdu, ya düşməniniz?
- Pifaqorun belə bir sözü var: İnsanlarla elə yaşamaq lazımdır ki, gələcəkdə dostun düşmənin olmasın, düşmənin isə dostun olsun... Mənim fikrimcə, insanın həyatda 3, 4 əsl dostu olur, qalanları isə sadəcə yoldaşlıqdı.
- Ətrafınızdakı insanları hansı hərəkətlərinə görə “ofsayda salırsınız”, yəni özünüzdən uzaqlaşdırırsınız?
- Mənim üçün insanın həyat prinsiplərinin olmağı və onlara sadiq qalmağı çox vacibdi. Prinsipləri olmayan insanlara həyatımda yer yoxdu.
- Üzünüzə gülüb, arxanızca danışan insanları ayırd edə bilirsizmi?
- Bunu ayırd etmək çox çətin məsələdi.
- Elxan Məmmədovu nə özündən çıxara bilər?
- Mütəmadi olaraq AFFA əməkdaşları ilə futbol oynayırıq. Uduzanda özümdən çıxıram və cığallıq etməyə başlayıram. (gülür)
- Sirlərinizi daha çox kiminlə bölüşürsüz?
- Sirlərimi sirr olaraq saxlaya bilən insanlarla. Təbii ki, ailə üzvlərimlə.
- Ürəyinizin səsinə daha çox qulaq asırsınız, yoxsa ağlınıza?
- Ağlımla ürəyim həmişə öz aralarında ortaq məxrəcə gəlir.
- Həyatda nədən çəkinirsiniz?
- Uşaqların qəliz suallarından.
(Elxan Məmmədov 1995-ci ildə Londonda məşhur almaniyalı futbolçu Yurgen Klinismanın heykəli ilə)
- Sizdən tam səmimi cavab gözləyirik. AFFA-da görmək istəmədiyiniz adam varmı?
- Xeyr
- Özünüzə qapalı insansız, yoxsa hər hansı probleminizi bölüşməklə həll etməyi xoşlayırsız?
- Təbii olaraq, həmişə problemlərin yaranmamağı üçün çalışıram.
(Elxan Məmmədov 2014-cü ildə ABŞ-da Klinismanın özü ilə )
- İstirahət etmək istəyəndə təkliyə çəkilirsiz, ya əksinə, çoxluğun əhatəsində olursunuz?
- Ailəmizdə bir ənənə var. Bayram və bəzi istirahət günlərində birlikdə oluruq.
- Həyatda etmək arzusunda olduğunuz, amma edə bilmədiyiniz nəsə varmı?
- Hər insanda olduğu kimi məndə də var. Çoxdu.
- Futboldan başqa daha nəyə maraq göstərirsiz?
- Atçılıq maraq göstərdiyim idman növüdü. Bir zamanlar tennis də oynamışam. Amma təəssüf ki, vaxt azlığından indi buna imkan olmur.
- Bundan sonrakı hədəfləriniz nədən ibarətdi?
- İşlədiyim yerdə daim uğur qazanmaq.
saytlarin hazirlanmasi