"İnter"də biabırçılıq: Avropa oyunlarına görə məşqçilərin maaşlarını kəsdilər ÖZƏL

10:20 - 16 Mart 2015

Klub rəhbərliyi məşqçiləri pis vəziyyətdə qoydu

 

Yarandığı gündən əcnəbilər üçün gəlir yerinə çevrilən və futbol ictimaiyyətində sevilməyən klub imicini qazanan “İnter”də xoşagəlməz hadisələr yaşanır.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, klubun sahibi Cahangir Hacıyevin qərarı ilə aşağı yaş qrupları üzrə məşqçilərin maaşları kəsilir. Buna səbəb Azərbaycanda keçiriləcək ilk Avropa oyunlarıdır.

 

Rəhbərlik kluba ayrılan vəsaitin böyük hissəsinin mötəbər tədbirə xərcləndiyini əsas gətirərək, məşqçilərin aylıq maaşlarının 50 faizini kəsir. Ehtimal edilir ki, Avropa oyunlarından sonra kəsilən maaşlar hissə-hissə ödəniləcək. Ancaq heç bu da dəqiq deyil.

 

Heç kimə sirr deyil ki, bir çox qurumlarda müxtəlif səbəblərdən maliyyə problemləri yaşanır. Ancaq hələki aparıcı klublarımızda bu səbəblə uşaq məşqçilərin maaşlarını kəsən olmamışdı. Çünki büdcədəki kəsirləri qəpik-quruş alan məşqçilərin hesabına tarazlamaq ən azı ədəbsizlikdir. Bu problemi infrastruktura ayrılan vəsait, futbolçulara ayrılan mükafat və s. maliyyə əməliyyatları hesabına həll etmək olardı. “İnter” isə ən asan və ən ucuz yolu tutmağa qərar verib.     

Xəbər xətti