"Qarabağ"ın futbolçusu: "Az da olsa, çəkinirdim ki, nəsə olar" MÜSAHİBƏ

11:05 - 16 Mart 2015

"Bakı böyük klubdur"

 

Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən "Bakı" - "Qarabağ" (1:4) matçından sonra Ağdam təmsilçisinin gənc futbolçusu Namiq Ələsgərov Sportal.az-ın suallarını cavablandırıb.

 

 

- Oyun haqda fikirlərin?

- Normal oyun keçdi. Yaxşı mübarizə getdi. Sonda qələbəni qazandığımız üçün sevinirik.

 

- Sabiq komandan olan “Bakı”nın belə bir durumda olması sənə necə təsir edir?

- Təbii ki, “Bakı” böyük klubdu. Onların belə bir durumda olması məni çox üzür. Arada sabiq komanda yoldaşlarımla söhbətimdə çətin durumda olmalarını eşidirəm. Lakin, belə bir çətin vəziyyətə son qoyulacağına ümid edirəm.

 

- “Bakı” ilə ilk oyundan sonra Qurban Qurbanovun səni sabiq komandanın bazasına gətirməmək kimi söhbətlər gəzirdi. Bəs nə dəyişdi ki, bu oyunda forma geyindin?

- İlk oyundan sonra bəzi təzyiqlər olsa da, baş məşqçinin qərarı ilə bu oyunda oynadım. Mənim “Bakı” azarkeşlərimlə pis münasibətim yoxdur. Məncə her şey yolundadı.

 

- Cavid Hüseynov da buraya gələndə azarkeşlər tərəfindən təzyiqlərə məruz qaldı. Bəs bu kimi hallar səni qorxutmadımı?

- Təbii ki, az da olsa çəkinirdim ki, nəsə olar. Lakin şükür Allaha heç bir hadisə baş vermədi.

 

 - Oyunda ən yaxşılardan biri də sən idin. Belə bir oyunla millinin Malta ilə matçına çağırılacağına inanırsan?

- Hər bir gənc oyunçu kimi mən də milliyə dəvət almaq istəyirəm. Düşünürəm ki, dəvət almaq üçün bundan da artıq çalışmaq lazımdır. Əlimdən gələni edirəm ki, növbəti oyunda da olmasa, nə vaxtsa milliyə dəvət alım.

 

- Bir epizodda oyundan kənar vəziyyətdə qaldın. Hətta buna görə İlqar Qurbanovun da sənə bəzi etirazları oldu...

- Bu hər bir futbolçunun başına gələ bilər. Çalışacam ki, bundan sonra daha da diqqətli olum və belə səhvlər buraxmayım.

Xəbər xətti