Rəşad Sadıqov səhvini etiraf elədi, Kamran Ağayev dərs çıxarsın! YAZI

12:25 - 16 Mart 2015

Xarici çempionatlarda möhkəmlənmək lazımdır

 

Azərbaycan futbolunda mövcud olan problemlərdən biri də, oyunçularımızın xaricə çıxmaması, legioner həyatı yaşamağa meylli olmamasıdır. Bu problem haqqında uzun illər danışılsa da, yalnız indi-indi futbolçularımız kütləvi şəkildə xaricə, əsasən də PTT 1-ci liqasına üz tuturlar.

 

AFFA-nın “facebook” səhifəsində “Sualla zərbə” rubrikasının qonağı olan millimizin kapitanı Rəşad Sadıqov bir etiraf eləyib. O, karyerasında ən böyük səhv kimi bir vaxtlar şərəfini qoruduğu “Kayserispor”dan Azərbaycan çempionatına qayıtmasını göstərib. Düzdür, Azərbaycan futbolunun ən güclülərindən hesab olunan Rəşad Sadıqov sonradan da bir neçə dəfə legioner həyatı yaşamağa cəhd edib, ancaq onun xaricdəki karyerası uzunmüddətli alınmayıb.

 

İllər sonra “Kayserispor”a daha bir azərbaycanlı futbolçu yollanıb. İndi millimizin qapıçısı Kamran Ağayev bu klubun şərəfini qoruyur. Ağayev bir neçə oyun heyətə düşməsə də, qısa zamanda komandanın əsas qapıçısına çevrildi. Sevindiricidir ki, Kamran keçirdiyi 3 oyunun hamısında qapısını toxunulmaz saxlayıb.

 

Rəşad Sadıqovun dedikləri Kamran Ağayev üçün dərs olmalıdır. Kamran cavan olmasa da, qapıçı üçün yaşlı da deyil. O, hələ 7-8 il yaxşı səviyyədə çıxış eləyə bilər. Ən əsası odur ki, heç bir halda Azərbaycan çempionatına qayıtmasın və karyerasını xaricdə davam etdirsin.    

 

Digər tərəfdən baxanda, kapitanın etirafı bütün futbolçularımıza mesajdı. Çünki inkişaf etmək üçün irəli getmək, daha səviyyəli çempionatlarda çıxış etmək lazımdır.

 

Yusif Hüseynov (Sportal.az)

Xəbər xətti