"Bu hörməti mən öz oyunumla qazanmışam"
Türkiyə PTT I Liqasında mübarizə "Karşıyaka” komandasının və futbol üzrə milli komandamızın müdafiəçisi Mahir Şükürov bakuinfo.az-a müsahibə verib.
Sportal.az müsahibəni təqdim edir:
- Mahir, hazırda komandada vəziyyət necədi?
- Komandada ümumi vəziyyət yaxşıdır. Amma bildiyiniz kimi, mən məşqdə zədələnmişəm. Sabahdan məşqlərə başlayacağam. Topuğum şişmişdi. İndi də müalicəm davam edir. Martın 22-də oyunumuz var, o vaxta hazır olmalıyam.
- Yəqin ki, Cavid İmamverdiyevin "Elazığspor”dan uzaqlaşdırılmasını eşitdin. Bu barədə nə deyə bilərsən?
- Nə deyim… sözün düzü, çox pis oldum. İstəyərdim ki, özünü daha yaxşı tərəfdən göstərib irəli getsin.
- Ümumiyyətlə, Türkiyədə azərbaycanlı futbolçulara münasibət necədir, hansısa fərq qoyulurmu?
- Fərq qoyulur deyəndə ki, əgər çalışqan futbolçusansa, yerlilərdən güclüsənsə, yox, qoyulmur.
- Cavid İmamverdiyev deyib ki, türklər bizə erməni kimi baxır…
- İstər-istəməz onlar öz millətini sevəndirlər. Kaş bizdə də elə olaydı. Amma təəssüf ki, belə deyil. Cavid düz deyir, onlar bizi erməni gözündə görürlər.
- Yəni ögeyliyi nədə hiss elətdirirlər, hansı hərəkətləri səni narazı salır?
- Bir-birinin tərəfini tuturlar, bir-birinə dəstək olurlar. Şükür, bu barədə mənim problemim yoxdur. Uşaqlar hamısı böyük kimi mənə hörmət edir, hamısından razıyam. Həm də bu hörməti mən öz oyunumla qazanmışam.
- Türkiyədə oynayan digər futbolçularımızla əlaqən varmı?
- Vaqiflə (Vaqif Cavadov – red.) çoxdandı danışmıram. Kamran Ağeyevlə danışmışam. Dedim darıxma, yaxşı olacaq. Mən inanıram ki, Kamran "Kayserispor”da öz sözünü deyəcək.
- Bildiyimə görə, Türkiyə Superliqasında çıxış edən klublardan da sizə təklif var idi.
- İndi də var, amma adını deməyəcəm. Çox istəyirəm ki, "Antalyaspor” yüksək liqaya vəsiqə qazansın. Klubun baş məşqçisi Yusif Şimşək dostumdur. Məni Türkiyəyə o gətirmişdi. Ola bilər ki, yenidən eyni klubda çalışaq.
- Azərbaycan klublarından təklif olarsa, qayıdarsanmı?
- Azərbaycan klublarından da təkliflər var. Lakin Superliqaya getsəm, Türkiyədə qalacam, qayıtmayacam.
- Superliqa olmasa, qayıdacaqsan vətənə?
- İndi heç nə deyə bilmərəm. Maydan sonra qərar verəcəyəm. Mənə dekabrda təklif var idi. Sadəcə Yusif Şimşəyə görə qaldım. Bunu klubum da bilir ki, mənə təkliflər var. "Karşıyaka”da pul problemi var. Altı ayın maaşını verməyiblər. Amma mən canla-başla oynamışam. İndi də pul problemi var. Ancaq mənim UEFA müqaviləm var, alacam pulumu.
saytlarin hazirlanmasi