Ərik bağı YAZI

10:30 - 17 Mart 2015

Bu əhvalatı mənə futbola bağlılığı olan bir nəfər danışıb. Vaqif Sadıqovun işsiz vaxtları imiş. Hələ heç «Anji»yə də getməyibmiş. Bayramların birində gecə 12-ə qalmış həmin adam Vaqif müəllimə zəng vurub,  bayramını təbrik edib, bir qədər söhbətləşib. Söhbət əsnasında Vaqif müəllim kövrəlib. Hətta bir qədər əsəbləşib də. Yox, həmin adama deyil, onu unudan «dost»larına: «…Saat 12-ə qalıb, Şakirdən (Şakir Qəribovu nəzərdə tutub) başqa bir nəfər də zəng eləyib bayramlaşmayıb. Elə bil Vaqif Sadıqovu tanımırlar…»

 

«…Axşamınız xeyir, Şakir Şəkəroviç! Gecəniz xeyrə qalsın, Şakir müəllim. Sabahınız xeyir, yoldaş Şirinov!...» Bunlar sevimli yazıçımız Anarın qələmə aldığı «Evləri köndələn yar» teletamaşasında rəhmətlik Səməndər Rzayevin söylədiyi sözlərdir. Səməndər müəllimin bir fikri sonradan zərbi-məsələ də çevrildi: «Bağda ərik var idi, salam-əleyk var idi. Bağda ərik qurtardı, salam-əleyk qurtardı!» Vaxt var idi, Vaqif müəllimin “bağ”ında ərik qurtarmışdı. Kişini itirib-axtaran yox idi. Vaqif müəllimin “ərik bağı” dekabrda çiçəkləməyə başladı. Hətta İcraiyyə Komitəsinin son iclasından sonra meyvə də verdi. Bizdə də əriksevərlər o qədər. Belə olmasaydı, onunla İcraiyyə Komitəsinə üzv seçildikdən sonra görüşəndə telefonu sakit dayanardı. Görünür, bayram günləri telefonun adapterini özü ilə götürməli olacaq. Ki, bayram təbriklərindən «zaryadka»sı qurtarmasın.

 

Təkcə Vaqif Sadıqov yox, bayram günləri futbolumuzda üzdə olanların hər biri onun kimi telefon zənglərindən bezəcək. Amma bir zəngə möhtac olanlar o qədərdir ki. Görəsən, onları yada salan tapılacaqmı? Şəxsən mən Samir Ələkbərovun bayramını təbrik edəcəm. Bu gün kimsəyə lazım olmayan Azərbaycan futbolunun «sonuncu mogikan»ını. Azər İsayevə zəng vuracam. Bir vaxtlar futbolumuzun ən istedadlı hucümçülarından biri hesab olunan Azərə. İndi «İnter Arena»da 3-4 gəncə fərdi futbol dərsləri keçməklə çörək pulunu qazanan Azərə. Vidadi Əhmədova baş çəkəcəm. «Turan»ı qurub-yaradan Vidadi müəllimə. Yaddan çıxmayıb ki? Sakit Alıyevin halını xəbər alacam. Həmin «Turan»ın futbolçusu və yığmanın sabiq üzvünün. Bu gün ağır xəstəliklə baş-başa qalan, olanını müalicəsinə xərcləyən, bəlkə də heç bayram süfrəsi açmağı imkanı olmayan Sakitin…

 

Xatırlamağa borclu olduqlarımızdan hamısının adını yaza bilmirəm. Çünki, belələrinin sayı yüzlərlədi. O ki, qaldı Vaqif Sadıqova… Vaqif müəllim, bayramınız mübarək! Birdən vaxt olmaz, bəri başdan bayramlaşım. Onsuz da sizi axtaranlar o qədər olacaq ki…

 

İlqar TAĞIYEV “Het-trik news” qəzeti

Xəbər xətti