Rizvan Fərzəliyev: "Bizim üçün mükafat qələbədən önəmli deyil" MÜSAHİBƏ

10:45 - 17 Mart 2015

"Bütün hallarda komanda oyunu göstərəcəyik"

 

Martın 18-də “Sərhədçi” İdman-Olimpiya Kompleksində futzal üzrə yığma komandamız Avropa çempionatının əsas seçmə qrup mərhələsi çərçəvəsində ilk oyununa çıxacaq. 4-cü qrupda yer alan komandamız Belçika, Danimarka və Ukrayna ilə qarşılaşacaq. Əsas ceçmə mərhələnin oyunlarında 28 komanda 7 qrupda mübarizə aparacaq. Qrup qalibləri gələn il fevralın 2-dən 8-ə kimi Serbiyada təşkil ediləcək Avropa çempionatının final mərəhləsinə birbaşa vəsiqə qazanacaqlar. Sentyabrda isə 2-ci yerin sahibləri və qrup 3-cüləri arasında ən yaxşı nəticə göstərmiş yığma qalan 4 vəsiqənin sahibini müəyyənləşdirəcəklər. Qeyd edək ki, Serbiya ev sahibi kimi Avro-2016-a birbaşa vəsiqənin sahibidir.

 

Komandamızın ilk oyunda Belçikaya qarşılaşacaq. Bir gün sonra Danimarka millisi ilə üz-üzə gələcək futzalçılarımız martın 21-də qrupda Ukrayna ilə sonuncu oyunlarına çıxacaqlar. Artıq martın 14-dən etibarən yığmanın üzvləri bir araya gəliblər. Baş məşqçi Perez Moreno Qomez Faustino düşərgəyə 16 futzalçı çağırıb. Onlardan 10-u yerli, qalanları isə milliləşdirilmiş futzalçılardır. Böyük ehtimalla toplanışda olanlardan 2-i oyun gününə kimi düşərcəni tərk edəcək. Komandamızın kapitanı, təcrübəli futzalçı Rizvan Fərzəliyevlə aləqə saxlayıb kollektivdəki son durum, hazırlıq prosesi və rəqiblər haqqında fikirirlərini öyrəndik:

 

- Futbolçuların əhval-ruhiyyəsi yaxşıdır. Məqsədimiz qrupda 1-ci yeri tutmaqdır. Oyunların Bakıda keçirilməsi bizim üçün əlavə üstünlükdür. Fürsəti boşa verməməliyik. 1-ci yeri tutub final mərhələsinə birbaşa vəsiqə qazanmaq istəyirik. Əgər 2-ci olsaq, payızda başlayacaq Dünya çempionatının seçmə mərhələsinə kimi daha bir rəqibi keçməliyik.

 

- Rəqiblər haqqında hansı məlumatlarınız var? Onlardan daha çox hansı yığmamıza problem yarada bilər?

- Böyük futbolda olduğu kimi futzalda da zəif rəqib yoxdur. Həm də futzalda 1 dəqiqə ərzində 2-3 qol vurmaq imkanı olduğundan hər bir oyunda son saniyəyə qədər mübarizə aparmalısan. Bu mənada rəqiblərin heç birini aşağılamaq fikrim yoxdur. İlk oyunumuz Belçika millisinə qarşı olacaq. Onlara qalib gəlməklə, qarşıya qoyulan işin demək olar ki, yarısını görmüş olacağıq. Çünki, 1-ci oyundan çox şey asılıdır. İlk oyuna necə başladınsa, ardı da elə gələcək. Belçika millisi bizə tanış rəqibdir. Sonuncu Avropa çempionatının final mərhələsinin iştirakçılarından, həm də meydan sahibi idi. Doğrudur, onlarla qarşılaşmadıq. Amma həm Rumıniya, həm də Ukrayna ilə oyunlarda yaxşı təsir bağışlamışdılar. O vaxtdan Belçika millisinin oyununu izləməmişəm. Yəqin ki, artım var. Həm də bildiyimə görə, onlar da heyətlərini bir neçə milliləşdirilmiş futzalçı ilə gücləndiriblər.Danimarka millisini də zəif saymaq olmaz. Bu mərhələyə «aşağı»dan gəliblər. Deməli, zəif deyillər ki, bu səviyyəyə qalxıblar. Düzü, Danimarka millisi haqqında o qədər də məlumatlı deyiləm. Bir növ sirli qutunu xatırladır. Ukrayna millisinə gəlincə onlarla bir neçə dəfə qarşılaşmışıq və oyun üslublarına bələdik. Avro-2010-da məhz ukraynalılarla qalib gələrək «dördlər final»ına vəsiqə qazanmışdıq. O vaxtdan Ukrayna millisində cavanlaşdırma siyasəti aparılır. Buna baxmayaraq, səviyyəli rəqibdir. Sonuncu olduğundan, onlarla oyuna bir qədər məlumatlı çıxacağıq.

 

- Yəqin ki, oyunlara kimi rəqiblər haqqında müəyyən məlumat toplanılacaq…

- Əlbəttə, məşqçilər korpusu hər 3 millinin son oyunlarının videogörüntülərini baxıb analiz edəcəklər, oyun üslübünü öyrənəcəklər. Müasir futbolda bunlarsız keçinmək çətindir. Məhz bundan sonra hər bir rəqibə qarşı hansı taktika ilə oynayacağımız məlum olacaq. Düşünürəm ki, bütün hallarda komanda oyunu göstərəcəyik. Yəni, oyunu hansısa liderin və ya futzalçının üzərində qurmayacağıq. Uğur qazanmaq istəyiriksə, bir-birimizə dəstək olmalı, kollektiv oyun nümayiş etdirməliyik.

 

- Yeri gəlmişkən, «dördlük»lər məlumdur?

- Hələ yox. «Dördlük»lərin hansı futbolçulardan qurulacağı nəinki oyun gününə, hətta oyunun başlamasından bir neçə dəqiqə əvvələ kimi məlum olmaya bilər. Bu, baş məşqçinin səlahiyyətləri daxilindədir və mənim hansısa fikir bildirməyim düzgün olmaz. Yəqin ki, komandanın son məşqlərində futbolçuların hazırlıq durumunu bildikdən sonra «dördlük»lər müəyyənləşəcək. Amma bu, o demək deyil ki, bir futzalçı digər «dördlük»də oynaya bilməz. Oyun vaxtı zədələnənlər, cəzalananlar olar bilər. Bir sözlə, hər birimiz kiminlə oynayacağımızdan asılı olmayaraq meydanda hazır çıxmalıyıq.

 

- Qapıçılarla vəziyyət nə yerdədir?

- Düşərgədə 3 qapıçımız var - Laersio Brunello, Elnur Zamanov və Rövşən Hüseynli. Hər üçünün fiziki durumu və hazırlığı əladır. Hansının əsas qapıçı olacağını indidən demək çətindir. Güman ki, bu haqda da qərarı baş məşqçi oyundan əvvəl verəcək.

 

- Toplanış vaxtı rəhbərlik sizinlə görüşüb?

- İlk məşq prosesində Futzal Federasiyasının prezidenti Zaur Axundov komandanın düşərgəsinə baş çəkdi, məşqimizi izlədi. Bizimlə söhbəti oldu. Qarşımıza məqsəd kimi ancaq 1-ci yeri tutmaq qoyulub və bunun məsuliyyətini hər birimiz yaxşı dərk edirik.

 

- Rizvan, mükafat vəd edildi?

- Bizim üçün mükafat qələbədən önəmli deyil. Əsas qrupda 1-ci yeri tutmaq haqda düşünürük. Bunu bacaracağımız təqdirdə yəqin ki, mükafat da olacaq. Amma bir daha təkrar edirəm, heç birimiz meydana pul üçün çıxmırıq. Mükafat olmasa belə, meydanda canımızı qoymağa borcluyuq. Çünki vətənimiz, bayrağımız və xalqımız üçün oynayırıq.

 

- Sonuncu sualım özünlə bağlı olacaq. 35 yaşın var. Yorulmamısan?

- Qətiyyən. Yaşım 35-i keçsə də, əvvəlki kimi formadayam. Hələ əvvəlkindən daha yaxşı demək olar. Çünki təcrübəm bir qədər artıb (gülür). İndiyə kimi yığmada ən çox oyun keçirən futzalçıyam. Müəyyən təcrübəm var və onları gənclərə ötürməyə borcluyam. Sevindirici haldır ki, bu gün futzalda xeyli istedadlı gənc var və onlar yaşlı nəsli əvəzləməyə qadirdi. Qalır təcrübə. Onu da tədricən qazanacaqlar. Birdə ki, əgər formada olmasam, məşqçilər mənə etimad göstərib bu yaşda yığmaya çağırmazdılar.

 

Fürsətdən istifadə edərək, vasitənizlə azarkeşlərə müraciət edərək hər 3 oyunda komandalarını dəstəkləməyə çağırıram. Bizim əsas silahlarımız azarkeşlərdir. Onların dəstəyi olmadan qələbə qazanmaq çətin olacaq. Söz verirəm ki, zəhmətlərini və inamlarını yerə vurmayacağıq. Çalışacağıq 1-ci yeri tutmaqla xalqımıza Novruz hədiyyəsi edək.

 

Söhbətləşdi: Azər TAĞIYEV “Het-trik news” qəzeti

 

 

 

 

Xəbər xətti