Nurlan Novruzov: "Biz bu ab-hava ilə hansı qələbədən danışa bilərik?" MÜSAHİBƏ

13:35 - 17 Mart 2015

"Fikrimi mövsümün sonuna saxlamışam"

 

"Bakı"nın futbolçusu Nurlan Novruzovun Sportal.az-a müsahibəsi:

 

- “Simurq”la matça hazırlıqlar necə gedir?

- Bu oyun komandamız üçün çətin olacaq. “Simurq” avrokuboklara vəsiqə uğrunda mübarizə apardığı üçün 3 xalı üçün meydana çıxacaq.  Biz isə qara zolaqdan çıxmaq üçün sona qədər mübarizə aparacağıq.

 

- Redaksiyamıza daxil olan məlumata görə, komanda bu gün maaşınə əldə edə bilməsə, məşqə çıxmayacaq…

- Doğrudur. Komandanın adından deyə bilərəm ki, maddi problem bizə çox təsir edir. 3-cü dövrəyə başlayandan bu hiss olunur. Bu uşaqların qədrini bilmək lazımdır. Bu kollektiv dağılsa, çox heyif olar. İnanmıram ki, Azərbaycanda 1 mövsümə maddi problemlər yaşayan klub belə mehriban olsun.

 

- Bəzi mətbuat orqanları yazır ki, komanda qəsdən oyunlara çıxmaq istəmir. Sən isə qeyd edirsən ki, gözəl kollektiviniz var. Deməli, bu məlumatlar yanlışdır?

- Kollektivimizə söz ola bilməz. Təbii ki, bunlar hamısı şayiələrdir. Sizə adi gəlməsin. Hansı klub 6-7 ay maaşları almasa meydana çıxar? İnanmıram ki, məşqlərə çıxar. Artıq mövsümün sonuna 10 tur qalsa da, bu vaxta qədər biz əlimizdən gələni edirik.

 

- İcraiyyə Komitəsinin qərarı ilə çempionatı 2 komanda tərk edəcək. Bunlardan ikincisinə ən real namizəd “Bakı”dır. Bu qərardan sonra komandada elə bir inam var ki, “Sumqayıt”ı geridə qoya biləsiniz?

- Vallah bu dəqiqə komandada heç qələbə inamı da yoxdu. Maddin durum bir yandan, rəhbərlik bizimlə maraqlanmır. Gəl real danışaq. Biz bu ab-hava ilə hansı qələbədən danışa bilərik?

 

- Çempionatın bombardirisən. Sona qədər bunu qoruya biləssən? Yoxsa, bundan da əlini üzmüsən?

- Bu dəqiqə komanda meydanda istədiyi oyunu sərgiləyə bilmirsə, mən heç vaxt bombardir ola bilmərəm. Vurduğum 11 qolda da qapıçımızdan tutmuş hər bir oyunçumuzun əziyyəti var.

 

- Prosineçki öz açıqlamasında bildirib ki, sən onun oyun stilinə uyğun gəlmirsən. Bu açıqlamadan sonra milliyə dəvət alacağına ümidin var?

- Bu barədə çox mənbələrdən eşitmişəm. Lakin bu barədə fikrimi mövsümün sonuna saxlamışam. Yenə də baş məşqçinin qərarına hörmətlə yanaşıram.

Xəbər xətti