Çırılmış örtük əvvəlki kimi meydana sallanırdı
AFFA-nın aşağı yaş qrupları arasında təşkil etdiyi çempionatda baş verənlərdən çox bəhs etmişik. Yarışların keçirilməsi şöbəsi çatışmazlıqlardan və problemlərdən xəbərdar ola-ola hələ ki, onları həll etməməsini və ya etmək istəməməsini başa düşmək olmur.
Xatırladaq ki, aşağı yaş qrupları arasında Bakı regionunun oyunları əsasən Mərdəkandakı «Dalğa Arena»da təşkil edilir. Havaların soyuq keçməsi və «Dalğa Arena»dakı şəraitsizlik üzündən bəzi liqaların oyunları bu ildən etibarən müvəqqəti olaraq «Bakı Baza»da keçirilir. Əlbəttə, bunu təqdirəlayiq addım kimi dəyərləndirmək lazımdır. Təəssüf ki, «Bakı Baza»da olan şərait və meydanın standartlara uyğun gəlməməsi gənc futbolçular üçün əlavə problemlər yaradır. Belə ki…
Martın 8-də U-12 liqasının oyunlarını izləmək üçün yolumuzu «Bakı Baza»dan salmışdıq. Həmin gün əsən güclü külək ütsüörtülü meydanın örtüyünün bir hissəsini sıradan çıxarmışdı. Çırılmış örtük qapıların birinin qarşısında sallanırdı. Bu da oyunların gedişinə maneçilik törədirdi. Əsasən künc zərbələri yerinə yetirilən zaman top örtüyə dəyərək səmtini dəyişirdi. Düşünmək olardı ki, həmin maneə növbəti həftə aradan qaldırılacaq. Amma və lakin… Martın 15-də «Neftçi» - AZAL oyununu izləyərkən heç nəyin dəyişmədiyinin şahidi olduq. Çırılmış örtük əvvəlki kimi meydana sallanırdı.
Bundan başqa «Bakı Baza»da keçirilən oyunlarda başqa çatışmazlıqlar da var idi. Məsələn, meydanın yan xətlərinin kənarından asılmış tor da çırılmış örtükdən «geri qalmırdı». Meydandan söz düşmüşkən, qeyri-standart ölçülü olması oyunlara təsirsiz ötüşmürdü. Əslində, bu haqda daha əvvəl də yazmışdıq. Bir daha xatırlatmağın ziyanı olmaz. U-12 liqasının əsasnaməsinə görə oyunlar uzunluğu 60-65 metr, eni isə 45-50 metr olan meydanlarda keçirilməlidir. «Bakı Baza»dakı meydanın ölçüləri belədir: uzunluq 75 metr, en 45 metr. Göründüyü kimi meydanın uzunluğunun 10 metr artıq olması əsasnamənin tələblərini pozub.
“Het-trik news”qəzeti
saytlarin hazirlanmasi