Ardıcıl 3 oyunda qol vuran futbolçu: "Bu, məşqçilərimin diqqətini cəlb etdi" MÜSAHİBƏ

10:29 - 18 Mart 2015

"Çempionluqdan danışmaq hələ tezdir"
 
"İnter"in futbolçusu Asif Məmmədovun Sportal.az-a müsahibəsi:
 
- Ardıcıl 3 oyundur ki, qol vurursan. Bu hal yenidən formanı bərpa etməyindən xəbər verirmi?
Təbii ki, 3 oyun ardıcıl qollar vurdum. Bu yaxşı haldır. Zədə səbəbindən bir neçə oyun buraxsam da, dönüşümdən sonra qol vurmağıma görə sevinirəm. Düşünürəm ki, bununla da kifayətlənmək olmaz. Qarşıdakı oyunlarda daha yaxşı oynayıb özümü yaxşı tərəfdən görsətməliyəm.
 
- Son vaxtlar əsas heyətdə yer almırdın. Lakin son oyunda əsas heyətdə idin. Səncə, vurduğun qollar buna səbəb ola bilər?
Düşünürəm ki, məşqlərdə öz üzərimdə yaxşı çalışmağım məşqçilərin diqqətini cəlb etdi və formada olduğumu hiss edərək əsas heyətdə mənə şans verdilər. Məndə bu şansı maksimum dəyərləndirərək qol vurdum.
 
- Növbəti turda çətin “Qəbələ” oyunu sizi gözləyir. Bu matçdan 3 xalla ayrılacağınıza dair ümid var?
“Qəbələ”nin  xalı az olduğuna görə yüksək yerlərdən əllərini üzsələr də, 3 xal qazanaraq 4-cü yer uğrunda mübarizəni davam etdirmək istəyəcəklər. Kubokdan kənarda qalmaları da onların avrokuboklara vəsiqə qazanmaq üçün fikirlərini yalnız çempionata yönəltdiylərini də nəzərə alsaq, oyunun gərgin keçəcəyini demək olar.
 
- Çox güman ki, mövsümün sonunda Kaxaber Tsxadadze ilə yollar ayrılacaq. Yeni baş məşqçinin gəlişi sənin start heyətdə yer almaq şansının azalmasından xəbər vermir ki?
Hələ ki, bu barədə düşünməmişəm. Gəlin açıq danışaq. Əgər yeni baş məşqçi gəlsə, onun komandada kimi saxlayıb, kimi göndərəcəyi məlum olmadığına görə indidən durub nəsə demək düzgün olmaz.
 
- Bu yaxınlarda “İnter” Marino Pusiçi köməkçi məşqçi kimi komandaya gətirdi. Belə söhbətlər də gəzir ki, Tsxadadzeni məhz Pusiç əvəzləyəcək...
Hal-hazırda dəqiq bir şey məlum olmasa da, baş məşqçinin kimliyindən asılı olmayaraq hər bir futbolçu kimi mən də öz üzərimdə çalışaraq komandada qalmağım üçün əlimdən gələni etməliyəm.
 
- Premyer Liqada demək olar ki, çempionluq uğrunda “Qarabağ” və “İnter” mübarizə aparır. Liderdən 6 xal geri qalmaq çempionluq şanslarınızın azalmasından xəbər vermir ki?
Bizim ümidimiz hələ ölməyib. Sonuncu tura qədər mübarizə aparacağıq. “Qarabağ”la hələ 2 vacib matçımız var. Düşünürəm ki, bu matçlardan da əlavə çətin oyunlar olduğu üçün çempionluqdan danışmaq hələ tezdir.

Xəbər xətti