Dövlət başçısı Bakı Olimpiya Stadionunun açılışında iştirak edib

18:00 - 18 Mart 2015

FİFA və UEFA prezidentinin də qatıldığı mərasimdə...

 

Martın 18-də Bakı Olimpiya Stadionunun açılışı olub.

 

Sportal.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

 

Bakı Olimpiya Stadionunun təməli 2011-ci il iyunun 6-da qoyulub. Mərasimdə Prezident İlham Əliyev, FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini, eləcə də dünya futbol ictimaiyyətinin görkəmli nümayəndələri, federasiya rəhbərləri və futbol veteranları iştirak etmişdilər. Ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsinin salındığı Bakı Olimpiya Stadionu yüksək keyfiyyətlə inşa olunub və artıq istifadəyə hazırdır.

 

Dövlətimizin başçısı stadionun rəmzi açılışını bildirən lenti kəsdi.

 

Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Qeyd edildi ki, təxminən 50 hektar ərazidə tikilən stadionun hündürlüyü 62 metrdir və 6 mərtəbədən ibarətdir. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş var. 68 min tamaşaçı tutumlu stadiona Olimpiya normativlərinə əsasən insanların daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3 min 100 yerlik avtomobil parkı inşa edilib.

 

Sonra Prezident İlham Əliyevə və xanımına Bakı Olimpiya Stadionunun interyerində həyata keçirilən işlərlə bağlı məlumat verildi.

 

Bildirildi ki, burada işlər artıq başa çatdırılıb. Tikintidə ən müasir avadanlıq və inşaat materiallarından istifadə olunub. Bakı Olimpiya Stadionunda inşaat işlərinin gedişi ilə dəfələrlə tanış olan, tikintinin keyfiyyətlə həyata keçirilməsini diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq bu nəhəng idman qurğusu müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçilir və şəhərimizdə aparılan quruculuq işlərinə bir töhfədir. İlk Avropa Oyunlarına hazırlıq, o cümlədən Bakı Olimpiya Stadionunda inşaat işlərinin gedişi ilə bağlı birinci Avropa Oyunları Təşkilat Komitəsi fəal iş aparır. Komitə tərəfindən təşkilati işlər yüksək səviyyədə həyata keçirilir. İlk Avropa Oyunlarına hazırlıqla bağlı işlərin beynəlxalq standartlara uyğun şəkildə vaxtında və yüksək keyfiyyətlə aparılması birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Avropa Oyunlarının Koordinasiya

 

Komissiyasının müxtəlif vaxtlarda keçirilən iclasları hazırlıq işlərinin yüksək səviyyədə aparılmasında xüsusi önəm daşıyır. İlk Avropa Oyunlarının xaricdə təbliğ olunması işinə də böyük əhəmiyyət verilir. Bununla bağlı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Avropanın bir sıra ölkələrində keçirilən təntənəli tanıtım mərasimlərinin əhəmiyyəti xüsusi önəm daşıyır. (AzərTac)

Xəbər xətti