Millisi bərbad, çempionatı bərbad, uşaq futbolu bərbad
Düz deyirlər ki, pisi görməsən, yaxşının qədrini bilməzsən. Vaxt var idi, az qala hamı Fuad Musayevin istefasını tələb edirdi. Elə bilirdilər ki, Musayevin gedişi ilə futbolumuz ağ günə çıxacaq. Fuad müəllim getdi, ondan sonra Ramiz Mirzəyev gəldi AFFA-nın başına. Onun gəlişi ilə Azərbaycan futbolu bir günün içində kasıb uşaqdan imkanlı kişiyə çevrildi. İlk vaxtlar hər şey cazibəli görünürdü. Hər tərəfdə futbol, azarkeşlər, “qızıl oyun”, sanki bu oyuna həvəsi ölən bir ölkə futbolla yaşamağa başladı. Ancaq bu uzun çəkmədi. Eyforiyadan ayıldıqdan sonra hamı anlamağa başladı ki, kasıblıqda olan zehin daha yoxdur. Futbolun inkişafı üçün isə yalnız pul yetərli deyil!
Rəhmətlik Ramiz Mirzəyevin AFFA-dakı fəaliyyəti bizə reallıqları qismən göstərsə də, Rövnəq Abdullayevin dövründə hər şey tam çılpaqlığıyla üzə çıxdı, kimin-kim olduğunu hamı gördü. Elə Fuad Musayevin özü ömrünün sonuna kimi Rövnəq bəyə duaçı olmalıdır. AFFA rəhbəri olanda, heç kim onu bəyənmirdi. İndi isə az qala hamı Fuad Musayevi Azərbaycan futboluna rəhbərlik etmiş ən savadlı kadr kimi dəyərləndirir. Məndən olsa, AFFA-nın girişində Fuad müəllimə bir heykəl qoymaq lazımdır. Adam qəpik-quruşla bu boyda ölkənin futbolunu ayaqda saxlayıb. Ramiz Mirzəyev futboldan hər nə qədər uzaq olsa da, onun dönəmi də sponsorların futbola axını ilə yadda qalıb.
Rövnəq Abdullayevin dövrü isə... Nə deyəsən? Nə qədər deyəsən?
Abdullayev elə bil futbolumuzun qəsdinə durdu. Bir tərəfində Elxan Məmmədov, o birisində isə Ramin Musayev. Biri millini, o birisi isə çempionatı bazara döndərdi. Biri əcnəbilərin, o birisi isə hakimlərin əliylə sökdü-dağıtdı futbolumuzu. Rövnəq Abdullayev isə heç nə olmayıbmış kimi davranırdı. Elə bilirdi ki, neftin pullarını ora-bura səpələməklə işi bitmiş hesab olunur. AFFA-nın son hesabatında da nə qədər vəsaitin çölə atıldığını hamı açıq-aşkar gördü. Gör vəziyyət nə həddə çatıb ki, daha camaatdan üz eləməyən Rövnəq Abdullayev də Berlində sənəd üzərində olan məktəbin bağlanmasını istədi. Nəhayət, 5 ildən sonra anladı ki, ayıbdır.
Rövnəq Abdullayev bir də ayılacaq ki, Azərbaycanda futbol klubu qalmayıb. Cahangir Hacıyev Beynəxalq Bankdan getdi. Bu isə o deməkdir ki, “İnter” və “Simurq”un gələcəyi sual altındadır. Bu klublar dağılmasa da, iddiasını itirə bilər. Zatən, bir-iki klubdan başqa qalanları dilənçi kökündədir. Əhsən, Rövnəq bəy! Futbolumuzu bu hala hər rəhbər salmağı bacarmazdı, siz bacardız.
Hə, deyə bilər ki, ümumən ölkədə durum yaxşı deyil. Neftin qiyməti düşüb, manat da öz dəyərini itirib. Düzdür, indi elə durumdur ki, hamıya çətindir. Amma... Bu illər ərzində futbolun inkişafı və sistemləşməsi üçün nə etdiz?
Rövnəq Abdullayevin AFFA-sında əsas fəaliyyət üç istiqamətdə müəyyənləşmişdi ki, onlardan ikisi kütləvilik və İnfrastruktur idi. Hanı sizin kütləvilik? Hanı sizin infrastruktur? Bölgələrdə futbol yox səviyyəsində, ortalığa çıxarmaq üçün heç 7-8 normal arenamız, futbol akademiyamız da yoxdur. Bu illər ərzində pulu dağıtmaqdan başqa hansı işlər görülüb?
Elit raund deyib bağırdığınız 17 yaşlılar da xalqın bayramını təbrik elədi birabırçı məğlubiyyətlə. Evdə Xorvatiyaya 0-4 uduzmaq AFFA-nın işinin göstəricisidi zatən.
Millisi bərbad, çempionatı bərbad, uşaq futbolu bərbad. Bu da sizə Rövnəq Abdullayevin AFFA-sı!
Emin ABBASOV
saytlarin hazirlanmasi