Azərbaycan futbolu "inkişaf" edir
Hələ futbolçu karyerası sona çatmamışdan öncə Aslan Kərimov “Xəzər TV”-də yayımlanan “Futbol saatı” verilişinin mütəmadi eksperti kimi fəaliyyətə başlamışdı. O, qısa zamanda danışıq tərzi, təhlil qabiliyyəti ilə tamaşaçılarda xoş təsir oyatmışdı.
Futbolçu karyerası bitər-bitməz, Aslan Kərimov məşqçiliyə başladı. Artıq ilk vaxtlardan məlum oldu ki, millimizin və “Qarabağ”ın sabiq kapitanında məşqçi işləmək üçün lazım olan bütün keyfiyyətlər var. İntellektual səviyyəsi yüksək olan Kərimov aşağı yaş qrupları üzrə millilərdə çalışmaqla yanaşı, həm də kateqoriya kurslarında dərs deməyə başladı.
Son vaxtlar Aslan Kərimovu millinin baş məşqçisi Berti Foqtsun yanında görməyə başladıq. AFFA-da çalışan bu savadlı kadr alman mütəxəssisin də diqqətindən yayınmamışdı. Lakin böyük perspektivi olan məşqçinin işləri birdən-birə pis getməyə başladı. Bunun nədən belə olduğu bilinməsə də, kimin etdiyi hamıya məlumdur.
Aslan Kərimovun yolunu kəsən şəxs Elxan Məmmədovdur. Kərimova ilk zərbə millidən uzaqlaşdırılması oldu. Hərçənd, Berti Foqtsun gedişindən sonra məhz onu Prosineçkinin yanında saxlamaq gərəkirdi. Gələcəyə ümid verən bir məşqçi üçün Robert Prosineçkinin yanında təcrübə qazanmaq çox vacib idi. Amma...
Elxan Məmmədov Azərbaycan futbolunun gələcəyini düşünsəydi... Yox, Məmmədov kimi adamlar ilk növbədə özünü, öz eqosunu hər kəsdən və hər şeydən üstün tutur.
Yayılan məlumatlara görə, Aslan Kərimovu U-15 millisindən də uzaqlaşdırıb Elxan Məmmədov. Onun əlində olsaydı, Kərimovu kateqoriya kurslarında dərs deməkdən də məhrum edərdi. Ancaq baş katib bu məsələyə müdaxilə edə bilmir, kateqoriya kursları UEFA tərəfindən təşkil olunur və Aslan Kərimovla bağlı qərarı yalnız Nikolay Adam verə bilər. Adam isə Elxan Məmmədov kimi şəxsi münasibətlərə görə yox, işinə görə qiymət verir Aslan Kərimova.
Aslan Kərimova qarşı edilənlər Elxan Məmmədovun Azərbaycan futboluna növbəti “töhfəsidir”. Azərbaycan futbolu “inkişaf” edir.
Yusif Hüseynov ( Sportal.az)
saytlarin hazirlanmasi