"Özüm oynamıram, amma komandama inanırdım"
"3 oyuna qol vurmadan üst-üstə 11 top buraxdıq. Ona görə də istefa verdim". Bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsindən istefa verən Mirbağır İsayev deyib.
Sportal.az xəbər verir ki, o, komandasının Bakıda keçirilən Avropa çempionatının elit-raundundakı çıxışından məyus olduğunu bildirib: "Məğlubiyyətə üzülmürəm. Komandamın qorxaqlığına üzülürəm. Mübarizəsiz təslim oldular. Öz komandama görə üzüldüm. Bu turnirdə aciz və xaraktersiz komanda gördüm. Mən danışarkən bu komandaya ümid edirdim. Uşaqlara uğurlar arzu edirəm. Özümü hamıdan çox qınayıram. Ona görə ki, bu dəfə komandaya təzyiq etmədim. Özüm oynamıram, amma komandama inanırdım. Artıq inanmıram. İnanmıramsa, getməliyəm. Mənim özümə gücüm çatır".
İsayev qərarından dönməyəcəyini də deyib: "Bu gün yığmadan istefa verdim. Hər bir halda AFFA-nın fikrinə hörmətlə yanaşıram, amma bu millini çalışdırmayacağam. Mənim borcumdur ki, AFFA-ya hesabat verim. Heç kəs qarşıma ikinci mərhələ şərtini qoymayıb. Futboldan yox, U-17-dən gedirəm. Yekun iclas edib, komandayla görüşüb ayrılacağam".
Gənc mütəxəssisin sözlərinə görə, millimizin elit-raund qarşılaşmalarını evdə keçirməsi Azərbaycan futbolunun xeyrinə olub. Bununla belə, baş məşqçi meydanda ən azı əzmkar komanda görə bilmədiyini vurğulayıb. "Futbol - kişi oyunudur" deyən İsayev gələcəklə bağlı hələ planının olmadığını da əlavə edib: "Gedirəm, ailəmlə bayram keçirməyə. 20 gündür başım komandaya qarışıb".
Qeyd edək ki, Azərbaycan yığması elit-raunddakı qrup matçlarında Xorvatiya və Serbiyaya 0:4, Portuqaliyaya 0:3 hesabı ilə uduzub (sportnet.az).
saytlarin hazirlanmasi