"Mənə elə bir ölkə deyin ki, çempionatın bombardiri milliyə dəvət almasın"

00:01 - 23 Mart 2015

Novruzov: "Özümdən əmin idim ki, əgər dəvət alsaydım, Maltaya qol vuracaqdım"
 
Millimizin baş məşqçisi Robert Prosineçki Premyer Liqanın bombardiri Nurlan Novruzovu Malta ilə oyuna dəvət göndərmədi. Novruzov bu haqda Sportal.az-a danışıb: 
 
"Əlbəttə ki, siyahıda adımı görməmək yaxşı olmadı, çünki milli komandanın formasını geyinmək üçün günlərimi sayıram və çalışıram ki, əlimdən gələni edib baş məşqçinin güvənini qazanım. Bu dəfə də olmadı, yəqin belə məsləhət imiş. İnanıram ki, yaxın vaxtlarda milli komandaya dəvət alacam".
 
Nurlan azarkeşlərə də xüsusi təşəkkürünü bildirib:
 
"Azarkeşlər olmasa, bəlkə də futboldan küsmüşdüm. Həm sosial şəbəkələrdə, həm də oyunlarda mənə dəstək olmaqları əlavə güc verir. Onlara nə qədər təşəkkür etsəm, azdı. Son vaxtlar xanım fanatlar da öz dəstəklərini əsirgəmirlər. Futbol azarkeşlər üçün oynanılır, bizlər də həmişə onlara hörmətlə yanaşmalıyıq".
 
Komandasının sonuncu pillədə olduğu üçün milliyə dəvət almamağı haqda yayılan şayələrə forvard son nöqtəni qoydu:
 
"İnanmıram ki, səbəb bu olsun. Siz mənə elə bir çempionat deyin ki, liqanın yerli bombardiri milliyə dəvət almasın? Yəqin Prosineçki hələ də məni milliyə hazır görmür, amma hazırda milliyə çox kömək ola bilərəm. Bütün komandaların müdafiəçiləri məni yaxşı tanıyır, meydanda komandama xeyir vermek üçün "hiyləgər" hərəkətlərimlə onları daim stresdə saxlayıram, bu da istər-istəməz müdafiədə səhvlər yaradır". 
 
O, milliyə çağrılan yeganə hücumçu Məhəmməd Qurbanov haqda belə danışıb:
 
"Məhəmməd də yaxşı hücumçudu, Malta ilə oyunda qol vurub komandamıza qələbə qazandırmağı arzulayıram. Məni üzən səbəb odur ki, çilliyə kömək etməyəcəm. Özümdən əmin idim ki, əgər dəvət alsaydım, Maltaya qol və ya qollarımı vuracaqdım. Sonda komandamıza bu qarşılaşmada uğurlar arzulayıram, inanıram qələbə qazanacağıq".

Xəbər xətti