"İnter"in sahibi üçün yeni vəzifə

12:01 - 30 Mart 2015

Cahangir Hacıyev üçün Mərkəzi Bank
 
Martın 18-də Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsindən istefa verən "İnter" klubunun sahibi Cahangir Hacıyevlə bağlı da müəmma davam edir. Bəzi ekspertlər bildirirlər ki, C.Hacıyevin istefası dövlətə məxsus olan səhmlərin özəlləşdirilməsi və bankın yenidən strukturlaşması ilə əlaqədar ola bilər. C.Hacıyevin istefasına səbəb kimi  Beynəlxalq Bankın problemli kreditlərinin həcminin həddindən artıq şişməsi də göstərilir. Belə ki, bu problem  manatın  devalvasiyasından sonra xüsusilə təhlükəli həddə çatıb. Başqa bir iddiaya görə isə C.Hacıyev özəlləşmə ilə bağlı prosesə isti baxmayıb. O, dəfələrlə mətbuata açıqlamalarında da bildirib ki, bu prosesdə tələskənliyə yol vermək olmaz. 
 
Sportal.az  "Yeni Müsavat"a istinadən xəbər verir ki, C.Hacıyevlə bağlı daha sensasion xəbər isə onun artıq səlahiyyət müddəti bitən Mərkəzi Bankın sədri Elman Rüstəmovun yerinə gətirilə biləcəyi ilə bağlıdır. 63 yaşlı Elman Rüstəmov ilk dəfə 1995-ci ilin yanvarında Milli Bankın (Mərkəzi Bankın) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Daha sonra o, 2000 və 2005-ci illərdə yenidən 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təsdiqlənib. 
 
Sonuncu təyinat 2010-cu ilin aprelində baş tutub. 2010-cu il aprelin 6-da prezident İlham Əliyevin sərəncamı ilə Elman Rüstəmov daha 5 illiyə Mərkəzi Bankın İdarə Heyətinin sədri təyin edilib. 
 
Cahangir Hacıyevin Elman Rüstəmovun yerinə gətirilə biləcəyi barədə xəbəri real hesab edənlər də, bunun əksini düşünənlər də var. Belə ki, onun Mərkəzi Bank rəhbərliyinə gətirilməsi ehtimalı doğrudursa, o zaman C.Hacıyevin niyə “səhhəti” ilə bağlı istefaya getməsi sualı meydana gəlir. 
 
C.Hacıyevin Mərkəzi Banka rəhbər gətiriləcəyi ilə bağlı xəbərin gerçək ola biləcəyini düşünənlər isə sabiq bankirin hakimiyyətdə müəyyən güc mərkəzlərinə bağlılığına, eləcə də əlində külli miqdarda kapital olmasına diqqət çəkir. Daha bir maraqlı detal Mərkəzi Bankın sədri ilə əlaqədar təqdimatın hələ də parlamentə göndərilməməsidir. Aprelin 3-də keçirilməsi nəzərdə tutulan MM-in plenar iclasında ümumilikdə 23 məsələnin müzakirə edilməsi planlaşdırılırsa da, iclasın gündəliyində  Mərkəzi Bankla bağlı məsələ yoxdur. Qeyd edək ki, manatın devalvasiyasında ən çox günahlandırılan məmur məhz E.Rüstəmov olub. Onu hakimiyyətə yaxın deputatlar belə ciddi tənqid ediblər. 

Xəbər xətti